“Enerji itkisi, əhval-ruhiyyənin qəfil dəyişməsi və apatiya ilə özünü göstərən payız depressiyası sirkad ritmlərin dəyişməsi səbəbindən baş verir”.
Yeniavaz.com xəbər verir ki, bunu Lenta.ru-ya müsahibəsində psixoloq Daria Yakuba izah edib.
Ekspert qeyd edib ki, “Payız depressiyası” termini psixologiyada məşhurdur, bu, mövsümi depressiv pozğunluğun yüngül formasıdır:
“Bu vəziyyət əhval dəyişikliyi, apatiya, yorğunluq, yuxululuq, konsentrasiya və ya yaddaşda çətinliklə xarakterizə olunur”.
Psixoloq payız depressiyasının səbəblərini temperaturun dəyişməsi, atmosfer təzyiqi və günəş işığının miqdarının azalması kimi adlandırıb:
“Bu amillər, öz növbəsində, sirkad ritmlərdə - bədənin bioloji saatında dəyişikliklərə, həmçinin əhvalın tənzimlənməsi ilə əlaqəli hormonlar olan serotonin və dopamin istehsalının azalmasına səbəb olur”.
Mövsümi depressiv pozğunluğun simptomlarının öhdəsindən gəlməyi asanlaşdırmaq üçün Yakuba bədənə qayğı və diqqət göstərməyi tövsiyə etdi:
“Yadda saxlamaq lazımdır ki, belə bir vəziyyətdə məcburiyyət, həddindən artıq səylər və öz-özünq günahlandırma vəziyyəti daha da pisləşdirə bilər. Musiqi dinləmək, kitab oxumaq, masaja getmək və ya yaxınlarınızla ünsiyyət qurmaq kimi əhvalınızı yaxşılaşdıran fəaliyyətlərə hər gün vaxt ayırmaq məsləhətdir”.
Həmçinin, psixoloqun sözlərinə görə, payız depressiyasını aradan qaldırmaq üçün əhval-ruhiyyədən və hava şəraitindən asılı olmayaraq gündəlik ən azı bir saat davam edən gəzintilər etmək lazımdır. İki həftə ərzində bu vəziyyətin öhdəsindən təkbaşına gələ bilmirsinizsə, psixoloqdan kömək istəmək məsləhət görülür.