Uşağınızla çöldə vaxt keçirmək üçün 50 yol...


Keçən dəfəki yazının adını “Uşağınızla evdə vaxt keçirmək üçün 50 yol...” qoymuşduq. Və bu yazıda evdə uşağınızla vaxt keçirə biləcəyiniz 50 yoldan bəhs etmişdik. Halbuki evdə uşağınızla vaxt keçirə biləcəyiniz yollar olduğu kimi, çöldə də uşağınızla vaxt keçirə biləcəyiniz yollar yox deyil.
Başqa bir məsələ isə burada qeyd etdiyimiz yolları dəyişməz qəbul etməmək və istər sizin, istərsə də, uşağınızın arzusu ilə həm dəyişmək, həm də artırmaqdır. Əlbəttə ki, bu, eyni zamanda sizin şəraitinizdən də asılıdır. Unutmayın ki, əsas məsələ uşağınızla vaxt keçirmək yox, uşağınıza lazım olan diqqəti göstərməkdir. İndi isə sizə uşaqlarınızla çöldə də xoş vaxt keçirə biləcəyiniz bu yollardan bəzilərini təqdim edirik...
1. Birlikdə kitabxanaya gedin.
2. Birlikdə “qaçdı-tutdu” oynayın (buna oxşar başqa bir oyun da ola bilər).
3. Birlikdə çərpələng uçurun.
4. Birlikdə zooparka gedin.
5. Birlikdə göbələk yığın.
6. Müxtəlif səsləri dinləyin (məsələn, quş səsi, həşərat səsi, ayaq səsi və s. kimi).
7. Müxtəlif ağacların yarpaqlarını yığın və bir kitabın və ya bir dəftərin arasında qurudun.
8. Günəşin çıxmasına tamaşa edin (eyni şəkildə günəşin batmasına da tamaşa edə bilərsiniz).
9. Ot üstündə ayaqyalın gəzin.
10. Su tapançası ilə oynayın.
11. Birlikdə ağac əkin.
12. Birlikdə yer belləyin.
13. Birlikdə çiçək yığın.
14. Birlikdə çadır qurun.
15. Birlikdə xanımbocəyi uçurun.
16. Köhnə paltarları yığın (bu, köhnə oyuncaqlar da ola bilər) və ehtiyacı olanlara verin.
17. Konfet və ya şokolad alın və uşaqlar evinə gedin.
18. Qohumlarınızın siyahısını tutun və hər gün (ya da hər həftə) bir qohumunuzu ziyarət edin.
19. Bir-neçə dəstə gül bağlayın və qocalar evində qocalara bağışlayın.
20. Bir qutu boya alın və həyətinizdə hasarınızı boyayın.
21. Birlikdə alış-verişə çıxın.
22. Birlikdə futbola gedin.
23. Birlikdə muzeyləri (ya da sərgiləri) gəzin.
24. Birlikdə kitab (ya da kitablar) alın.
25. Birlikdə fotoşəkil çəkin.
26. Dəniz kənarına gedin və dənizə tamaşa edin.
27. Dəniz kənarına gedin və qumdan qala düzəldin.
28. Gözəl bir meşə və ya bir park seçin və bir yerdə təmiz havada gəzin.
29. Gözəl bir çay (dəniz də ola bilər) seçin və bir yerdə balıq tutun.
30. Hər biriniz bir qaşıq və bir yumurta götürün və “yumurta daşıma yarışı”" keçirin (əlbəttə ki, yumurta qaşığın içərisində, qaşıq isə dişlərin arasında olmaq şərti ilə).
31. Birlikdə “top-top” oynayın.
32. Birlikdə balıqqulağı yığın.
33. Birlikdə manqal qurun.
34. Birlikdə kinoya (ya da teatra) gedin.
35. Birlikdə video çəkin.
36. Hər biriniz bir çuval götürün və “çuval yarışı” keçirin (bu yarışın əsas mahiyyəti yarıya qədər çuvalın içinə girmək və finiş xəttinə doğru “qaçmaqdır”).
37. Hər biriniz bir qab qatıq götürün və “qatıq yarışı” keçirin (bu yarışın əsas mahiyyəti isə qatığı qaşıqla yox, ağızla yeməkdir).
38. Bir az mismar, bir az taxta alın və quşlar üçün yuva düzəldin.
39. Bir dəftər və ya bir albom vərəqi kəsin və kağız quş düzəldin.
40. Bir bağa və ya bir meşəyə gedin və bitkilərin, ya da ağacların adlarını öyrənin.
41. Birlikdə qayığa minin.
42. Birlikdə quşlara yem atın.
43. Birlikdə meyvə yığın.
44. Birlikdə çiçək sulayın.
45. Birlikdə yelləncək qurun.
46. Birlikdə ata minin.
47. Birlikdə “gizlən-qaç” oynayın.
48. Birlikdə kəpənək tutun.
49. Şar uçurun.
50. Ən əsası isə uşağınızla çöldə yaxşı vaxt keçirin. Və uşağınızı oyun salonlarının ya da oyun meydançalarının ümidinə buraxmayın.
Son iki yazımızda saydıqlarımızı həyata keçirin və həm uşağınızın, həm də sizin həyatınızın necə dəyişdiyini görün. 

Aygün Vəliyeva

DİGƏR XƏBƏRLƏR

Top