Naomi Kempbell xeyriyyə adı ilə pul yığıb özü xərcləyirmiş


Supermodel Naomi Kempbell maliyyə pozuntularına görə beş il müddətinə xeyriyyə təşkilatının qəyyumluğu vəzifəsindən kənarlaşdırılaraq xeyriyyəçilik fəaliyyəti ilə məşğul olmaq hüququndan məhrum edilib.
Yeniavaz.com
xəbər verir ki, bu barədə “The Guardian” qəzeti məlumat yayıb.
Məlumata görə, Kempbell 2005-ci ildə yoxsulluqla mübarizə üçün “Fashion for Relief” xeyriyyə təşkilatını qurub. Ancaq xeyriyyə təşkilatının aldığı vəsait heç də həmişə müəyyən edilmiş məqsədlər üçün istifadə olunmayıb.
Böyük Britaniya Xeyriyyə Komissiyası müəyyən edib ki, 2016-cı ildən bəri “Fashion for Relief” təşkilatına moda nümayişlərindən təxminən 4,8 milyon funt sterlinq toplanıb, ancaq tədbir xərcləri və digər xərclər nəzərə alındıqdan sonra tərəfdaş xeyriyyə təşkilatlarına qrantların ödənilməsinə 390 min funt sterlinqdən az xərclənib.
Komissiya bildirib ki, vəsaitin qalan hissəsi dəbdəbəli otel nömrələri, aviabiletlər, spa prosedurları, şəxsi təhlükəsizlik və Kempbell üçün siqaret və digər məqsədlər üçün xərclənib.
Qeyd edək ki, “Fashion for Relief”lə bağlı araşdırma 2021-ci ildə başlayıb. Şübhəli epizodlardan biri “Save the Children” təşkilatına ödənişlərin gecikməsi olub: 2017-ci ildə onun xeyrinə 375 min funt sterlinq yığılıb, lakin bütün vəsait ödənilməyib. 147 min funt-sterlinq məbləğində qalıq, istintaqın başlamasından və Kempbell idarəçilikdən uzaqlaşdırıldıqdan sonra fonda gələn müvəqqəti menecerlər tərəfindən ödənilib.
Yeni menecerlər fondun müflis olduğunu üzə çıxarıblar. Nəticədə təşkilat bağlanıb.
“Sky News” xəbər verir ki, supermodel xeyriyyə fonduna nəzarət etmədiyini, onu başqa şəxsin idarə etdiyini bildirib.

DİGƏR XƏBƏRLƏR

Top