İsrail Müdafiə Qüvvələri (IDF) Livanın “Hizbullah” hərəkatının aviasiya bölməsinin komandiri Məhəmməd Hasin Saruru zərərsizləşdirib.
Yeniavaz.com xəbər verir ki, bu barədə ordunun mətbuat xidməti “Telegram” kanalında məlumat yayıb.
“Bu gün, 26 sentyabr 2024-cü il tarixində kəşfiyyatın dəqiq göstərişi əsasında Hərbi Hava Qüvvələri Beyruta hücum edərək “Hizbullah” terror təşkilatının aviasiya bölməsinin komandiri Məhəmməd Hasin Saruru məhv edib”, - məlumatda bildirilib.
IDF hərəkat üzvünün İsrail ərazisinə pilotsuz uçuş aparatları və raketlərin atılması da daxil olmaqla bir çox hava hücumlarını təşkil etdiyini, həmçinin onlara rəhbərlik etdiyini bildirib.
“Hizbullah” hərəkatı Məhəmməd Hasin Sarurun İsrail Müdafiə Qüvvələrinin (IDF) hücumu nəticəsində zərərsizləşdirildiyini təsdiqləyib.
Qeyd edək ki, “Hizbullah” üzvlərinin istifadə etdiyi peycer və rabitə qurğularının sentyabrın 17 və 18-də Livanın müxtəlif yerlərində eyni vaxtda partlaması nəticəsində Yaxın Şərqdə vəziyyət yenidən gərginləşib. Livan hakimiyyəti insidentə görə İsraili günahlandırıb. Daha sonra sentyabrın 19-da İsrail Livan ərazisinə hava zərbələri endirməyə başlayıb.
Sentyabrın 23-də İsrail Müdafiə Qüvvələri (IDF) Livanda “Hizbullah”ın hərbi infrastrukturuna qarşı “hücum əməliyyatı”na başladığını elan edib. İsrail “Hizbullah”a qarşı bu əməliyyatı “Şimalın oxları” adlanırıb.