ABŞ Konqresinin Nümayəndələr Palatasının spikeri Respublikaçı Mayk Conson Ukrayna Prezidenti Volodimir Zelenskidən ölkənin ABŞ-dəki səfiri Oksana Markarovanı geri çağırmağı tələb edib.
Yeniavaz.com xəbər verir ki, bu barədə siyasətçinin “X” sosial şəbəkə səhifəsində məlumat dərc olunub.
Buna səbəb Zelenskinin ukraynalı diplomat tərəfindən təşkil edilən Pensilvaniya səfəri olub. Belə ki, bu səfər zamanı onu yalnız demokratların nümayəndələri müşayiət edib.
Consonun sözlərinə görə, Markarova nümayiş etdirib ki, ona ABŞ-də səfir kimi dürüst və səmərəli xidmət etmək üçün etibar etmək olmaz.
O, həmçinin bunu seçki kampaniyasına açıq müdaxilə kimi qiymətləndirib.
Qeyd edək ki, bir gün əvvəl ABŞ Konqresinin Nəzarət Komitəsi Zelenskinin Pensilvaniyadakı silah-sursat zavoduna səfəri üçün vergi ödəyicilərinin vəsaitlərinin xərclənməsi ilə bağlı təhqiqata başladığını elan edib.
Sənəddə qeyd edilir ki, sədr Ceyms Komer Zelenskinin Pensilvaniyaya səfəri üçün vergi ödəyicilərinin vəsaitlərindən istifadə edən ABŞ Prezidenti Co Bayden və ABŞ vitse-prezidenti Kamala Harrislə bağlı araşdırmaya başlayıb.