Avropa Futbol Assosiasiyaları İttifaqının (UEFA) Hakimlər Komitəsi İspaniya və Almaniya yığmaları arasında keçirilən Avropa çempionatının 1/4 final matçında penalti təyin edilməməsi qərarını səhv kimi tanıyıb.
Yeniavaz.com xəbər verir ki, bu barədə “Relevo” portalı məlumat yayıb.
İyulun 5-də baş tutan görüş əlavə vaxtdan sonra 2:1 hesabı ilə ispanların xeyrinə başa çatıb. 106-cı dəqiqədə baş hakim Entoni Teylor Kukurellanın əlinə topun dəydiyi üçün İspaniya millisinin qapısına penalti təyin etməyib. Ertəsi gün UEFA-nın mətbuat xidməti hakimin qərarının düzgün olduğunu bildirərək, futbolçunun əlinin qeyri-təbii vəziyyətdə olmadığını qeyd edib.
“UEFA Hakimlər Komitəsi beynəlxalq hakimlərə bildirib ki, bu oyunda xəta olub, çünki oyun penalti ilə bitməli idi. Həm meydanda penalti təyin etməyən hakim, həm də oyuna müdaxilə etməyən video köməkçi hakim tərəfindən səhvə yol verilib. UEFA-nın son qaydalarına görə, qapıya zərbəni dayandıran topa əllə toxunma daha sərt cəzalandırılmalı və əksər hallarda müdafiəçinin əli bədəninə çox yaxın olmadığı halda, penalti təyin edilməlidir. İspaniya - Almaniya matçında müdafiəçi bədəninə çox yaxın olmayan əli ilə qapıya zərbəni dayandırır, ona görə də penalti təyin olunmalı idi”, - məlumatda deyilir.
Xatırladaq ki, Almaniyada Avropa çempionatı iyunun 14-dən iyulun 14-dək baş tutub. Turnirin qalibi finalda İngiltərə yığmasına qalib gələrək (2:1) İspaniya komandası olub.