Livanda baş verən rabitə vasitələrinin silsilə partlayışları nəticəsində ölənlərin sayı 20 nəfərə çatıb.
Yeniavaz.com xəbər verir ki, bu barədə Livan Səhiyyə Nazirliyi yanında Fövqəladə Hallar Mərkəzi məlumat yayıb.
“Yenilənmiş məlumatlara görə, dünən axşam saatlarında rabitə qurğularının partlaması nəticəsində ölənlərin sayı 20-yə çatıb”, - deyə mərkəzin məlumatında bildirilib.
Mərkəzin məlumatına görə, partlayışlar nəticəsində 450-dən çox insan yaralanıb.
Qeyd edək ki, partlayışlar silsiləsi sentyabrın 17-də “Hizbullah” üzvlərinin şəxsi peycerlərinin işə salınması ilə başlayıb. Sentyabrın 18-də digər qurğular, o cümlədən rabitə qurğuları və məişət texnikaları partlamağa başlayıb.
Nəticədə, Livan hökuməti vətəndaşlardan növbəti partlayışların qarşısını almaq üçün litium batareyaları olan cihazları dərhal söndürməyi xahiş edib.
İnformasiya Nazirliyi baş verənləri İsrail təcavüzü adlandırıb.
Livanın “An-Nahar” qəzetinin məlumatına görə, partlayan rabitə qurğuları təxminən beş ay əvvəl, demək olar ki, bir gün əvvəl partlayan peycerlərlə eyni vaxtda alınıb.