“Wildberries”in ofisində atışma olub – Kadırov erməni qardaşlara qarşı


Rusiyanın ən böyük onlayn satış şəbəkəsi olan “Wildberries”in ofisində atışma olub.
Yeniavaz.com
Rusiya mətbuatına istinadən bidirir ki, “Wildberries”in qurucusu Tatyana Bakalçukun keçmiş həyat yoldaşı və eyni zamanda da şirkətin səhmdarlarından biri olan Vladislav Bakalçuk bir qrup şəxslə şirkətin “Romanov Dvor” biznes mərkəzindəki ofisinə girməyə çalışıb.
Bildirilir ki, qarşıdurma zamanı binanın girişində atışma olub və 3 nəfər güllə yarası alıb.
Mətbuata açıqlma verən Vladislav Bakalçuk bildirib ki, ofisdə şirkət üçün yeni anbarların tikintisinin maliyyələşdirilməsi ilə bağlı danışıqların yeni raundu aparılmalı idi:
“Mən həmkarlarımla şirkətin ofisinə gəldim, lakin artıq girişdə silahlı münaqişəyə səbəb olan təhlükəsizlik xidməti və mənə məlum olmayan şəxslər tərəfindən hücuma məruz qaldım. Münaqişə zamanı hansısa məqamda atəş açıldı və həmkarlarımdan biri yaralandı”.
Baş verən hadisəyə Tatyana Bakalçuk da münasibət bildirib. Onun sözlərinə görə, Vladislav Bakalçuk, şirkətin həmtəsisçisi Sergey Anufriev və direktorlar şurasının keçmiş sədri Vladimir Bakinin başçılıq etdiyi bir qrup şəxs “Wildberries”in ofislərini ələ keçirməyə cəhd edib:
“Mən açıq şəkildə hüquq-mühafizə orqanlarına müraciət edirəm ki, bu vəziyyəti nəzarətə götürsünlər”.
Məlumat üçün bildirək ki, bu ilin iyun ayında “Wildberries” Rusiyanın ən böyük reklam operatoru olan “Russ” şirkəti ilə birləşdiyini elan edib. Bu birləşmədən sonra yeni şirkət qeydiyyata alınıb. Həmin şirkətdə “Wildberries”in 65%, “Russ” şirkətinin isə 35% payı olub. Yeni yaranan şirkətin direktoru isə “Russ” şirkətinin də direktoru olan Robert Mirzoyan olub.
Onu da qeyd edək ki, bu birləşmədən qısa müddət sonra Tatyana Bakalçukun keçmiş əri Vladislav Bakalçuk Çeçenistan rəhbəri Ramzan Kadırov ilə görüşüb. Bu görüşdən sonra Kadırov bildirib ki, “Russ” ilə “Wildberries”in birləşməsi qanunsuzdur. Çeçenistan rəhbəri “Russ” şirkətinin direktoru olan Robert Mirzoyanı nəzərdə tutaraq deyib ki, onlar “həyasız bir basqınla” “Wildberries” ələ keçiriblər.
Kadırov deyib ki, o, Vladislav Bakalçuku on ilə yaxındır tanıyır. Çeçenistan rəhbəri bildirib ki, bu məsələdə Levan və Robert Mirzoyan qardaşları məsuliyyət daşıyırlar. Kadırov bildirib ki, Dövlət Dumasının deputatı Adam Delimxanov onun tapşırığına əsasən bu məsələ ilə məşğul olacaq.
Qeyd edək ki, “Wildberries” şirkəti 2023-cü ilin avqust ayından Azərbaycanda da rəsmi fəaliyyətə başlayıb. Bu ilin yanvar ayında isə şirkətin Sankt-Peterburq şəhərindəki anbarında güclü yanğın olub.

Murad Məmmədov

DİGƏR XƏBƏRLƏR

Top