Amerikalı müğənni və musiqiçi, “The Jackson 5” qrupunun üzvü, Maykl Ceksonun böyük qardaşı Tito Cekson 70 yaşında ABŞ-də vəfat edib.
Yeniavaz.com xəbər verir ki, bu barədə Amerikanın “Variety” qəzeti məlumat yayıb.
Titonun ölümünü Cekson ailəsinin dostu Stiv Menninq bildirib.
Onun fikrincə, Tito İngiltərəyə səfəri zamanı infarkt keçirib. O, ölümün səbəbinin rəsmi olaraq müəyyən edilmədiyini vurğulayıb.
Tito Ceki, Cermeyn, Marlon və Maykl qardaşları ilə birlikdə əfsanəvi “The Jackson 5” qrupunun üzvü olub.
Musiqiçi Marlon və Ceki qardaşları ilə cəmi bir həftə əvvəl İngiltərədə çıxış edib.
Son 20 il ərzində o, blyuz gitaraçısı, solo və “B.B. King Blues Band”lə bir çox konsertlər verib.
Tito orijinal heyətdəki bacı-qardaşlar arasında solo albom buraxan sonuncu müğənni olub. O, 2016-cı ildə blyuza olan marağını nümayiş etdirən “Tito Time” albomunu buraxıb.
Qeyd edək ki, Tito Cekson 15 oktyabr 1953-cü ildə İndiana ştatının Qari şəhərində anadan olub. O, Cekson ailəsinin doqquz uşağının üçüncüsü idi. Tito ABC, “I Want You Back”, “I'll Be there” kimi mahnıları ilə “The Jackson 5” qrupunun üzvü kimi məşhurlaşıb.