Rusiya Baş Prokurorluğu Polşanın “Belsat” telekanalının Rusiya ərazisində fəaliyyətini “arzuolunmaz” elan edib.
Yeniavaz.com TASS-a istinadla xəbər verir ki, bu barədə prokurorluğun mətbuat xidməti məlumat yayıb.
Prokurorluğun məlumatına görə, “Belsat”ın fəaliyyətinin əsas elan edilmiş istiqamətləri auditoriyaya guya qərəzsiz və müstəqil məlumatların, dünyada baş verən hadisələr haqqında dəqiq deyilən məlumatların əldə edilməsinin təmin edilməsidir. Təşkilat öz yaradıcıları və müəllifləri tərəfindən demokratik dəyərlərin təbliği və vətəndaş cəmiyyətinin inkişafı üçün müstəqil platforma kimi təqdim olunur.
“Əslində əsas vəzifələrdən biri Rusiya hakimiyyətinin daxili və xarici siyasətini gözdən salmaq, ölkəmiz haqqında mənfi imici yaratmaq və Rusiya və Belarusun ittifaq dövləti daxilində inteqrasiya proseslərini tənqid etməkdir”, - Baş Prokurorluq vurğulayıb.
Qeyd edək ki, “Belsat” Polşa Xarici İşlər Nazirliyi ilə Polşa Televiziyası arasında müqavilə əsasında yaradılmış və onun vəsaitindən maliyyələşdirilən televiziya kanalıdır. Belarus, rus, ukrayna, ingilis və polyak dillərində gündəlik peyk və rəqəmsal formatda yayımlanan kanalın auditoriyası əsasən Belarus və Rusiyanın sakinləridir. Telekanal Belarusda ekstremist qrup kimi tanınır və ölkədə fəaliyyəti qadağandır.