Bu gün “Formula 1” Azərbaycan Qran-Prisi başlayır


Bu gün Bakıda səkkizinci “Formula 1” üzrə Azərbaycan Qran-Prisi start götürür.
Yeniavaz.com
xəbər verir ki, ilk gündə iki sərbəst yürüşün keçirilməsi nəzərdə tutulur.
Həmçinin, “Formula 2”də sınaq yürüşü ilə yanaşı, sıralama turunun keçirilməsi gözlənilir.
Sentyabrın 14-də Formula 1 üzrə sərbəst yürüş və sıralama turu, Formula 2 üzrə sprint yarışı keçiriləcək. Nəhayət, sonuncu gün - ayın 15-də əsas yarış baş tutacaq.
20 döngə, 51 dövrədən ibarət olan Bakı treki ümumilikdə 306,049 km məsafəni əhatə edir. Paytaxtdakı ilk yarış Avropa Qran-prisi kimi 2016-cı ildə baş tutub. Sonrakı yeddi turnir Azərbaycan Qran-Prisi adlanıb. İlk 2016-cı ildə almaniyalı Niko Rosberq birinci olub. Növbəti illərdə müvafiq olaraq Daniel Rikkardo (Avstraliya), Luis Hemilton (Böyük Britaniya), Valtteri Bottas (Finlandiya), Serxio Peres (Meksika) və Maks Ferstappen (Niderland) bütün rəqiblərini qabaqlayaraq podiumun ən yüksək pilləsinə qalxıblar. Yalnız 2020-ci ildə Azərbaycan Qran-Prisi koronovirus pandemiyası ilə əlaqədar keçirilməyib.
Qeyd edək ki, Azərbaycan Qran-Prisinə qədər “Red Bull”un niderlandlı pilotu Maks Ferstappen 303 xalla liderdir. “McLaren”dən Lando Norris 241 xalla ikinci, “Ferrari”dən Şarl Lekler 217 xalla üçüncü yeri tutur. Konstruktorlar kubokunda “Red Bull” 446 xalla xalla birinci, “McLaren” 438 xalla ikinci, “Ferrari” 407 xalla üçüncüdür.
Xatırladaq ki, Azərbaycan Qran-Prisi sentyabrın 15-də başa çatacaq.

DİGƏR XƏBƏRLƏR

Top