Alimlər dünyanın ən acı bibərini yetişdiriblər.
Yeniavaz.com xəbər verir ki, bu barədə “IFLScience” nəşri məlumat yayıb.
Yeni çili bibəri “Pepper X” adlanırılıb və “PuckerButt Pepper Company” şirkətinin nümayəndəsi Ed Karri tərəfindən yetişdirilib.
“Pepper X” məşhur “Carolina Reaper” çili bibərinin əvvəlki rekordunu yeniləyərək Ginnesin Rekordlar Kitabına düşüb.
Belə ki, aparılan sınaqlar nəticəsində onun acılığı Skovill şkalasına görə, 2,693,000 acılıq vahidinə (SHU) bərabər olub. Əvvəlki rekordun sahibi “Carolina Reaper” çili bibərində isə bu rəqəm orta hesabla 1,569,300 acılıq vahidi təşkil edib.
“Carolina Reaper” dünyanın ən acı çili bibəri kimi 2013-cü ildə Ginnesin Rekordlar Kitabına düşüb.
Qeyd edək ki, Skovill şkalası acılığı neytrallaşdırmaq üçün məhlulun nə qədər seyrəldilməli olduğunu təyin etməklə çili bibərinin və digər ədviyyatlı qidaların intensivliyini ölçür. Yeni “Pepper X” üçün bu, çili bibəri ekstraktının bir stəkanında olan acılığı aradan qaldırmaq üçün 2,7 milyon stəkan şəkərli su lazım olduğunu göstərir.
Alimlər qeyd edirlər ki, digər çili bibərlərində olduğu kimi, “Pepper X” çili bibəri də acılığını qəbul edildikdə ağız və boğazdakı ağrı reseptorlarını aktivləşdirən kapsaisin molekulundan alır. Kapsaisin adətən plasenta kimi tanınan bibər toxumlarını əhatə edən toxumada olur. Ginnesin Rekordlar Kitabına görə, “Pepper X” bibəri əyri və qabırğalı formasına görə çox acı olur.
Bitkini yetişdirən Ed Karrinin sözlərinə görə, “Pepper X” i yetişdirmək ona 10 ilə başa gəib. Yeni bibəri ilk dəfə elə o özü sınaqdan keçirib və bir saat mərmər döşəmədə ağrıdan qıvrılmış vəziyyətdə qalıb.