Rusiya Prezidenti Vladimir Putin hazırlıq işləri başa çatdıqdan sonra Türkiyəyə səfər edəcək.
Yeniavaz.com Rusiya mətbuatına istinadən xəbər verir ki, bunu Rusiya prezidentinin mətbuat katibi Dmitri Peskov jurnalistlərə bildirib.
“Ümid edirik ki, səfər hazırlıq işləri başa çatdıqdan sonra baş tutacaq. Uzun müddətdir ki, hazırlıqlar gedir. Bu, hər iki paytaxtda gözlənilən səfərdir”, - deyə Peskov bildirib.
Qeyd edək ki, bir müddət əvvəl “Middle East Eye” yazıb ki, Rusiya Prezidentinin Türkiyəyə səfəri Moskvanın bəzi tələblərinə görə təxirə salınır.
Bildirilir ki, bu tələblərdən biri Putinin təyyarəsini rus qırıcılarının müşayiət etməsi ilə bağlıdır. Əgər Rusiya qırıcıları Türkiyə hava məkanına daxil olarsa NATO-nun Türkiyədə yerləşən hava hücumundan müdafiə (HHM) sistemləri onları düşmən hədəfləri kimi qəbul edə bilər. Bu səbəbdən tərəflər razılığa gələ bilmirlər. “Middle East Eye”nin yazdığına görə, Rusiyanın tələbini yerinə yetirmək üçün Türkiyənin NATO-nun HHM sistemlərini söndürmək ehtimalı yoxdur.
Nəşrin məlumatına görə, son müzakirələr zamanı Rusiya və Türkiyə rəsmiləri Putinin səfərinin oktyabrın ilk həftəsində baş tutacağını bildiriblər. Türkiyə hökuməti jest olaraq Putini müşayiət etmək üçün döyüş təyyarələri göndərə biləcəyini açıqlayıb.
Bundan əlavə, Rusiyanın tələbləri təkcə döyüş təyyarələri ilə məhdudlaşmır. Müzakirələr zamanı Rusiya rəsmiləri qeyd ediblər ki, Ankaranın üç ən böyük oteli – “Hilton”, “Sheraton” və “JW Marriott” ABŞ-yə məxsusdur. Rəsmi Moskva ABŞ-yə məxsus otel şəbəkələrini Rusiya dövlət başçısı üçün təhlükəli hesab edir.
Murad Məmmədov