Oktyabrda respublikaçı Donald Trampla teledebatların növbəti raundunun keçirilməsi zəruridir.
Yeniavaz.com xəbər verir ki, bu barədə Demokratlar Partiyasından prezidentliyə namizəd Kamala Harrisin seçki qərargahının sədri Cen O'Melli-Dillon kampaniyanın mətbuat xidməti tərəfindən açıqlanan bəyanatında bildirib.
Onun sözlərinə görə, amerikalılar noyabr ayında “Kamala Harrislə irəli getmək və ya Trampla geri getmək arasında” seçim etməli olacaqlar.
“Onlar bunu bu gün gördülər və oktyabrda keçiriləcək ikinci debatda da görməlidirlər. Vitse-prezident Harris ikinci debata hazırdır. Bəs Donald Tramp hazırdırmı?” - bəyanatda qeyd edilib.
Digər tərəfdən, Respublikaçılar Partiyasından prezidentliyə namizəd Donald Trampın komandası da seçki kampaniyasının təklifindən sonra demokrat rəqibi Kamala Harrislə oktyabrda növbəti debat raundunun keçirilməsində maraqlı olduğunu bildirib.
Bu barədə “The New York Post” qəzeti Trampın seçki kampaniyasının nümayəndəsinə istinadla məlumat yayıb.
Qeyd edək ki, ABŞ-də prezident seçkiləri noyabrın 5-də keçiriləcək.