
Malayziyanın keçmiş baş naziri Muhyiddin Yassin qiyam ittihamı ilə məhkəmə qarşısına çıxıb.
Yeniavaz.com xəbər verir ki, bu barədə “The Star” qəzeti məlumat yayıb.
İttiham tərəfinin iddiasına görə, Muhyiddin Yassin Malayziyanın Ali Rəhbərinin ünvanına təhrikedici ifadələr işlədib.
Nəşrin yazdığına görə, Malayziyanın keçmiş baş naziri bir il əvvəl parlamentin 222 üzvündən 115-nin dəstəyini aldığını, o dövrdəki Ali Rəhbər Abdullah Riayyatuddin Əl-Mustafa Billahın isə onu hökumət qurmaq imkanından məhrum etdiyini bildirib. Bu sözlərinə görə Muhyiddin Yassin kral hakimiyyətini təhqir etməkdə və üsyana təhrik etməkdə ittiham olunub.
Qəzet yazır ki, Kelantandakı ilkin məhkəmə iclası zamanı keçmiş baş nazir özünü təqsirli bilməyib. Yassinə 5000 ringgit (1147 ABŞ dolları) girov qoymağa icazə verilib və məhkəmə iclası noyabrın 4-nə qədər təxirə salınıb.