
Şimali Koreya ikitərəfli hərbi əlaqələrin dərinləşməsi fonunda 2022-ci ilin fevralından etibarən Rusiyaya içində silah olan 13 mindən çox konteyner göndərib.
Yeniavaz.com xəbər verir ki, bu barədə “Yonhap” agentliyi məlumat yayıb.
ABŞ Müdafiə Nazirliyi Kəşfiyyat İdarəsinin təqdim etdiyi hesabata görə, Şimali Koreya təxminən iki il ərzində ölkənin şərqindəki Najin limanından 6 milyon ədəd 152 millimetrlik artilleriya mərmisi göndərib.
Agentlik həmçinin Rusiyanın Ukraynada uzun sürən müharibə fonunda Şimali Koreyanı silah və sursat təchizatı bazası kimi rəsmiləşdirmək üçün addımlar atdığını bildirib.
Agentliyin məlumatına görə, Şimal Koreyanın Rusiyaya silah göndərməsi ehtimalını Ukraynaya atılan Rusiya raketlərinin Şimali Koreya raketlərinin xüsusiyyətlərini daşıması da göstərir.
Hərbi rəsmilər Şimal Koreyanın Rusiyaya 122 mm-lik artilleriya mərmiləri ilə yanaşı, mobil zenit raketləri, tank əleyhinə raketlər və digər silahlar verdiyindən şübhələnirlər.
Agentlik həmçinin, Şimali Koreya lideri Kim Çen Inın sentyabr ayında Rusiya kosmodromuna səfəri zamanı Rusiya Prezidenti Vladimir Putinlə görüşünə istinad edərək, hərbi yardım müqabilində Rusiyanın Şimali Koreyaya raket və casus peyk proqramları üçün texnoloji yardım göstərdiyini ehtimal edir.