Yatan bir uşaq nə qədər də sakit görünür. Halbuki, elə bu yuxu prosesində o ipək saçların altında bəlkə də dünyanın ən qarmaqarmaşıq bir strukturu inkişaf edir. Bəli, söhbət uşaq beynindən gedir. Bu orqan digər bütün orqanlardan fərqli formada böyüyür.
Məsələn, bir böyrək proqramlandığı kimi böyüdüyü halda, bir beyin, daxilindəki sinir hüceyrələrinin (başqa sözlə, neyronların) müəyyən edilmiş sayı qədər böyüyür. Beyindəki qalan hər şey isə uşağın yaşayacağı hadisələrdən asılı olaraq meydana gəlir. Təsvirlər, səslər, qoxular, işıqlar, kölgələr, rənglər, hərəkətlər, hətta, temperatur dəyişikliklərinə qədər hər şey uşaq beyninin fiziki strukturunu müəyyən edir.
Ümumilikdə isə uşağın beyni 3-cü hamiləlik həftəsindən başlayaraq böyüyür. Çünki həm beyin, həm də mərkəzi sinir sistemi bir embrionun inkişafında ilk struktur mərkəzləridir. Digər tərəfdən, 3-cü hamiləlik həftəsində sonralar onurğa beyninə çevriləcək sinir qulağı da meydana gəlir. 4-cü hamiləlik həftəsində isə sinir qulağının üst təbəqəsində sonralar beyinin əsas struktur elementlərini təşkil edəcək 3 kiçik qabarcıq ortaya çıxır. Digər tərəfdən, 3-ci hamiləlik həftəsindən sonra embrionun sinir hüceyrələri qeyri-adi sürətlə bölünərək, çoxalmağa başlayır. Belə ki, dəqiqədə nə az, nə çox düz 500 000 yeni sinir hüceyrələri meydana gəlir. Bu isə gündə ən azı 720 000 000 yeni sinir hüceyrəsi deməkdir. Bu çoxalma nəticəsində hamiləliyin ortaları sayılan 4-cü ayın ortalarında dölün yüz milyarddan çox sinir hüceyrəsi mövcud olur. Bu qədər sinir hüceyrəsi isə yeni doğulacaq uşağa bütün həyatı boyu kifayət edəcək bir miqdar deməkdir. Başqa ifadə ilə 4-cü hamiləlik ayından etibarən dölün beynindəki sinir hüceyrələrinin sayı onun həyatı boyu sahib olacağı sinir hüceyrələrinin sayına çatır, elə ilk və sadə öyrənmə də bu cür başlayır.
Əslində, ağıl və idrak orqanımızın nə qədər vacib olduğunu onun embrionun ölçüsünün yarısından böyük olmasından da görmək olar. Bu mərhələdən sonra isə sinir hüceyrələri bir-biriləri ilə optimal əlaqə yaratmağa çalışırlar. Belə ki, bunun üçün sinir hüceyrələri orqanizmdəki yerlərinə istiqamət götürürlər. Ancaq onlar nə qədər sinir hüceyrələri ilə əlaqə qurmağa çalışsalar da, bu, ilk mərhələdə əlaqəsi kəsilmiş telefon xətlərinə bənzəyir. Çünki onların həqiqi mənada informasiya ötürə bilmələri üçün sinaps adlandırılan əlaqə nöqtələrinə ehtiyac var. Sinapsların meydana gəlməsi isə əsasən 5-ci hamiləlik həftəsindən başlayır. Ancaq 2-3 millimetrlik bir beyin qabığında 10 milyarddan çox sinir hüceyrəsi (və ya neyron) arasında əlaqə yaratmaq lazım olduğu üçün sinapsların meydana gəlməsi doğuma qədər davam edir.
Doğumdan başlayaraq, 36-cı aya qədər isə təqribən 200 trilyon sinaps meydana gəlir. Bu isə böyük bir beyindəki sinaps sayının demək olar ki, iki qatı deməkdir. Digər tərəfdən, bu sinapslar uşağın ilk illərdə ona həyatda lazım olan şeyləri sürətlə öyrənməsinə imkan verir. Üstəlik, bu dövrdə neyronlar arasında əlaqə quran sinapsların daha sürətli və daha optimal işləməsinə imkan vermək üçün istifadə olunmayan artıq sinapslar beyin tərəfindən yox edilir.
Doğum ərəfəsində isə daha əvvəl bəhs etdiyimiz 3 beyin qabarcığının görünüşü böyük beyinin kiçik miqyaslı görünüşünə çevrilir. Ancaq bu, yenə də beyinin tam mənası ilə formalaşması demək deyil. Başqa sözlə bu, uşaq nevroloqlarının dediyi kimi, hələ yeni formalaşacaq beyin üçün bir xammaldır. Digər tərəfdən, beyin qabarcıqlarının bu şəkildə böyüməsi insanın doğulduğu mühitə uyğunlaşması üçün də çox vacibdir.
Aygün Vəliyeva