Ermənistan meymunçiçəyi xəstəliyinin yayılmasının qarşısını almaq üçün gəmiricilərin və primatların idxalını və tranzitini qadağan edib.
Yeniavaz.com xəbər verir ki, bu barədə ölkənin Qida Təhlükəsizliyi Müfəttişliyi məlumat yayıb.
“Meymunçiçəyi mənbələrinin baş verməsinin və yayılmasının qarşısını almaq üçün avqustun 21-dən ÜST tərəfindən dəqiqləşdirmə dərc olunana qədər bütün növ gəmiricilərin (diri və ölü (heyvanlar üçün qida kimi)) və primatların Ermənistan ərazisinə gətirilməsi və tranziti qadağan edilir”, - məlumatda deyilir.
Qeyd edək ki, meymunçiçəyi nadir bir viral xəstəlikdir və immuniteti zəif olan insanlar üçün xüsusilə təhlükəlidir. Simptomlara atəş, intoksikasiya, şişkin limfa düyünləri və xarakterik bir səpgi daxildir.
Xatırladaq ki, Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin məlumatına görə, Azərbaycan ərazisində bugünədək meymunçiçəyi xəstəliyinə şübhəli hallar qeydə alınmayıb.