DSMF-nin 2,4 milyon manatlıq iki tenderi ləğv olundu


Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində fəaliyyət göstərən “Dövlət Sosial Müdafiə Fondu” (DSMF) tərəfindən keçirilən 2 tender müsabiqəsi ləğv olunub.
Yeniavaz.com
xəbər verir ki, tender müsabiqələrinin ləğv edilmə səbəbi kimi “Dövlət Satınalmaları Haqqında” Qanunun 36.1.1.-ci maddələri göstərilib.
Bildirilir ki, tenderdə iştirak etmək üçün təklifi təqdim edən müvafiq lisenziyaya və ya icazəyə malik olan təchizatçıların sayı üçdən az olub.
Qeyd edək ki, tender müsabiqələri DSMF-nin Sosial Sığorta və Fərdi Uçot üzrə Mərkəzi Filialı ilə Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialı üçün ofis sahəsi icarəyə götürülməsi ilə bağlı olub.
DSMF hər iki qurum üçün ümumi sahəsi 3000 kv. metr olan ofis sahəsi axtarır. 24 aylıq icarə haqqı olaraq DSMF-nin Sosial Sığorta və Fərdi Uçot üzrə Mərkəzi Filialı üçün 1 milyon 188 min manat, Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialı üçün isə 1 milyon 260 min 240 manat təklif olunur (ehtimal olunan qiymət). 
Məlumat üçün bildirək ki, ötən il Sosial Sığorta və Fərdi Uçot üzrə Mərkəzi Filialı üçün ofis sahəsinin icarəyə götürülməsi ilə bağlı tenderin qalibi Bakı Avrasiya Universiteti (VÖEN – 1500008331) olub. DSMF Bakı Avrasiya Universitetinə məxsus 3 000 kv. metr qeyri-yaşayış sahəsini 9 ay müddətinə icarəyə götürüb və icarə haqqı olaraq 472 min 590 manat (ayda 52 min 510 manat) ödəyib.
Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialı üçün ofis sahəsinin icarəyə götürülməsi ilə bağlı tenderin qalibi isə Bayramov Amil Qinyaz oğlu (VÖEN – 1003009142) olub. DSMF Bayramov Amil Qinyaz oğluna məxsus 3 000 kv. metr qeyri-yaşayış sahəsini 12 ay müddətinə icarəyə götürüb və icarə haqqı olaraq 594 min manat (ayda 49 min 500 manat) ödəyib.

Elnur Əli

DİGƏR XƏBƏRLƏR

Top