İsveçrə hakimiyyəti sanksiya siyahısına təhlükəsizlik işçiləri, hakimlər və jurnalistlər də daxil olmaqla 27 Belarus vətəndaşını əlavə edib.
Yeniavaz.com xəbər verir ki, bu barədə ölkənin İqtisadiyyat üzrə Dövlət Katibliyinin saytında dərc olunan sənəddə deyilir.
Sənədə görə, o cümlədən, BelTA informasiya agentliyinin baş direktoru İrina Akuloviç, Belarus Daxili İşlər Nazirliyinin Mütəşəkkil Cinayətkarlığa və Korrupsiyaya Qarşı Mübarizə Baş İdarəsinin rəisi Andrey Ananenko və onun iki müavini, habelə digər hüquq-mühafizə orqanlarının əməkdaşları, islah müəssisələrinin rəhbərləri və hakimlər barəsində məhdudlaşdırıcı tədbirlər tətbiq edilib. Sanksiyalar İsveçrəyə səyahət qadağasını, ölkədə bank xidmətlərini və əgər varsa, aktivlərin dondurulmasını nəzərdə tutur.
Qeyd edək ki, avqustun 5-də Avropa İttifaqı (Aİ) 28 Belarus vətəndaşına qarşı sanksiya tətbiq edib. Ümumilikdə, 261 nəfər və 37 təşkilat Aİ-nin Belarusa sanksiya siyahısına daxil edilib. Əgər onların aktivləri Aİ-də aşkar edilərsə, onlar dondurulacaq və fiziki şəxslərin Aİ-yə girişi qadağan ediləcək.
Xatırladaq ki, İsveçrə 2022-ci ilin martında Aİ sanksiyalarına qoşulub. Onun tətbiq etdiyi məhdudiyyətlərə bir sıra ixrac qadağaları da daxildir.