Uşağınız dırnağını yeyirsə...


Dırnaq yemə vərdişi özünü daha çox daxildə baş verən bir gərginliyin xaricdə əks etməsi kimi göstərir. Bəzən isə bu vərdiş uşağın ətrafındakı hər hansı bir fərdi model kimi qəbul etməsi nəticəsində ortaya çıxır. Hər şeydən əvvəl deyək ki, bu vərdiş 3-4 yaşlarından əvvəl müşahidə olunmur, hətta müşahidə olunsa belə, qısamüddətli xarakter daşıdığı üçün ciddi bir problem kimi qəbul edilmir. Bir davranış pozğunluğu kimi isə dırnaq yemə vərdişi əsasən 3-4 yaşlarından sonra müşahidə edilir.
Mövzunun əvvəlində də ifadə etdiyimiz kimi bu cür vərdişin ortaya çıxması üçün əsas səbəb stresdir. Böyüklər üçün olduğu kimi, uşaqlar üçün də stress mənbələri müxtəlifdir. Məsələn, qardaş və ya bacı qısqanclığı, ifrat avtoritar valideyn mövqeyi, boşanma, vəfat və s. kimi mənbələr uşaqda stresə, nəticə etibarı ilə isə dırnaq yemə vərdişinə səbəb ola bilər. Bundan başqa, müxtəlif məktəb və ya şagird problemləri, həmçinin dərs mənşəli problemlər də bu vərdişə səbəb ola bilər.
Nəticədə, dırnağını yeyən uşaq dırnaq yeməyi təkcə bir təsəlli mənbəyi kimi qəbul etmir, həm də onu şüuraltına yerləşir. Ona görə də, bu problemlə qarşılaşan valideynlər, hər şeydən əvvəl, bu vərdişə səbəb olan əsas mənbəyi müəyyən etməlidirlər. Bundan başqa, uşağa onu bu vərdişdən uzaqlaşdıracaq bəzi məşğuliyyətlərin aşılanması da müalicə prosesini sürətləndirə bilər. Digər tərəfdən, valideyn müalicə prosesi üçün işə bu hərəkətin uşağın sağlamlığına zərərli olduğunu xatırlatmaqla da başlaya bilər. Ancaq bu xatırlatmalar tez-tez baş verməməli, həmçinin bir və ya iki dəfəni keçməməlidir. Bundan başqa, dırnağını yeyən uşağı bu hərəkətindən çəkindirmək üçün birbaşa xəbərdarlıqlara (bunu başqa cür əmr cümlələri kimi də ifadə etmək olar) son qoyulmalıdır. Çünki “Dırnağını yemə!”, “Əlini ağzından çək!” və s. kimi birbaşa xəbərdarlıqlar bu hərəkəti azaltmaq əvəzinə əksinə daha da artırır. Digər tərəfdən, valideyn bu xəbərdarlıqlarla hiss etmədən dırnaq yemə vərdişini uşağının şüuraltına yerləşdirir. Çünki qulaq vasitəsi ilə eşidilən hər şey nəticə etibarı ilə şüuraltına yerləşir. Dırnaq yemə vərdişi də bu şəkildə uşağın şüuraltına yerləşdiyi üçün uşaq hər hansı bir məşğuliyyət tapmadıqda (burada başqa vəziyyətlər də ola bilər) beyin uşağa dırnaq yemə vərdişini xatırladır və uşaq dırnağını yeməyə başlayır. Buna görə də, ən yaxşısı dırnağını yeyərkən uşağınızın diqqətini yayındırmaqdır. Məsələn, “Televizorun səsini artıra bilərsən?”, “Bir stəkan su gətirə bilərsən?” və s. kimi cümlələr uşağınızın diqqətini yayındıra bilər. Digər tərəfdən, dırnaq yemə vərdişini unutdurana qədər, ya da başqa sözlə şüuraltından sildirənə qədər bu prosesi davam etdirə bilərsiniz. Əgər bu şəkildə problemin qarşısını ala bilməsəniz və ya dırnaq yemə vərdişinə səbəb olan mənbəyi müəyyən edə bilməsəniz, bir mütəxəssisdən kömək ala bilərsiniz.

Aygün Vəliyeva

DİGƏR XƏBƏRLƏR

Top