Gürcüstan Prezidenti Salome Zurabişvili keçmiş dövlət başçısı Mixail Saakaşvilinin əfv edilməsi planını nəzərdən keçirir.
Yeniavaz.com xəbər verir ki, bunu jurnalistlərə Gürcüstan parlamentinin spikeri Şalva Papuaşvili deyib.
“Salome Zurabişvili şəxsən Mixail Saakaşvilinin və “Vahid Milli Hərəkat”ın sayəsində öz vəzifəsini qoruyub saxlayır. Siz gürcü xalqının əhvali-ruhiyyəsini, onun impiçmenti ilə bağlı Konstitusiya Məhkəməsinin və Parlamentin qərarını gördünüz. Təbii ki, bütün bunların əfvlə bağlı öz öhdəlikləri var və əminəm ki, onun belə planları olacaq”, - Papuaşvili bildirib.
Gürcüstan parlamentinin spikeri jurnalistlərə xatırladıb ki, qanunverici orqan 2023-cü ilin oktyabrında “Vahid Milli Hərəkat” Partiyası Zurabişviliyə öz postunu saxlamağa imkan verən impiçmentin əleyhinə səs verib.
Hazırda Ukrayna vətəndaşı olan Saakaşvili 2013-cü ildə Gürcüstanı tərk edib. Bundan sonra ölkədə ona qarşı 4 cinayət işi açılıb. Onlardan ikisində siyasətçi qiyabi olaraq 3 və 6 il müddətinə azadlıqdan məhrum edilib.
Qeyd edək ki, 2021-ci ilin oktyabrında Saakaşvili gizli şəkildə Gürcüstana gedib, lakin saxlanılıb. Bundan sonra o, sərhədi qanunsuz keçməkdə ittiham olunub. 2022-ci ilin may ayında səhhəti pisləşdiyi üçün o, hazırda qaldığı Tbilisinin özəl “Vivamed” klinikasına aparılıb.