“Türkiyə Cənubi Afrikanın İsrailə qarşı iddiasına qoşulmaq üçün avqustun 7-də Beynəlxalq Ədalət Məhkəməsinə müraciət edəcək”.
Yeniavaz.com xəbər verir ki, bunu Türkiyənin xarici işlər naziri Hakan Fidan Misirdə baş tutan danışıqların yekununda deyib.
“İsraillə bağlı hazırladığımız dosyeni çərşənbə günü prosesdə iştirak etmək imkanı əldə etmək üçün Beynəlxalq Məhkəməyə göndərəcəyik”, - Fidan bildirib.
Türkiyəli nazir İsrail hakimiyyətini Qəzzadakı münaqişəni bütün bölgəyə yaymaqda ittiham edib:
“İsrailin Baş naziri Benyamin Netanyahu sülh istəmir. O, Qəzzadakı zorakılığı bütün regiona yaymağa çalışır. Netanyahu hökumətinin hərəkətləri bütün dünya üçün təhlükəlidir və onların qarşısı alınmasa, bütün dünya bunun əvəzini ağır ödəyəcək. İsraili dəstəkləyənlər buna baş verənlərə görə məsuliyyət daşıyırlar. Netanyahunun yeri parlament deyil, müttəhimlər kürsüsündədir”.