Tibb tarixində ilk dəfə olaraq ABŞ-də süni intellektlə təchiz edilmiş robot-stomatoloq canlı insanın dişləri üzərində tam avtomatlaşdırılmış stomatoloji əməliyyat həyata keçirib.
Yeniavaz.com xəbər verir ki, bu barədə diş texnologiyaları sahəsində lider olan Amerikanın “Perceptive” şirkəti “BusinessWire” platformasında məlumat verib.
Süni intellektə əsaslanan proqram təminatı ilə təchiz edilmiş “Perceptive” sistemi robota stomatoloji əməliyyatları yüksək sürətlə və dəqiqliklə yerinə yetirməyə imkan verib. Belə ki, yeni texnologiya ilə diş həkimi tərəfindən hər biri azı bir saat çəkən iki əməliyyatı 15 dəqiqə ərzində həyata keçirmək mümkün olub.
Qeyd edək ki, “Perceptive” şirkəti bu iş üçün 30 milyon dollar investisiya cəlb edib. Əsas investorlar arasında “Meta”nın qurucusu Mark Zukerberqin atası doktor Edvard Zukerberq də var.