Moldova Xarici İşlər Nazirliyi iki Moldova məmuruna qarşı vətənə xəyanət ittihamı ilə bağlı yerli mətbuatda yayılan məlumatdan sonra Rusiya səfirliyinin hərbi attaşe köməkçisini “persona non-qrata” elan edib.
Yeniavaz.com TASS-a istinadla xəbər verir ki, bu barədə Rusiyanın Moldovodakı səfiri Oleq Vasnetsov jurnalistlərə bildirib.
“Hərbi attaşenin köməkçisi “persona non-qrata” elan edilib və müəyyən vaxt ərzində ölkəni tərk etməlidir”, - Vasnetsov qeyd edib.
O xatırladıb ki, düz bir il əvvəl respublikada Rusiya səfirliyinin casusluq fəaliyyəti göstərməsi və ölkədəki daxili proseslərə müdaxil etməsi ilə bağlı əsassız ittihamlarla genişmiqyaslı kampaniya aparılıb. Daha sonra Rusiya səfirliyinin 45 əməkdaşı Moldovadan qovulub.
Qeyd edək ki, bundan əvvəl Rusiya Xarici İşlər Nazirliyi Moldova tərəfinin bu addımını cavabsız qoymayacaqlarını bəyan etmişdi.
Xatırladaq ki, bir gün əvvəl Moldova prokurorluğu Moldova parlamenti əməkdaşının, eləcə də, sərhəd polisi əməkdaşının dövlətə xəyanət etməkdə və məlumatı xarici səfirliyə ötürməkdə şübhəli bilinərək, saxlanıldığını elan edib. Eyni zamanda, prokurorluq nə ölkənin, nə də məmurların adlarını göstərməyib. Yerli mətbuatda həbs edilənlərdən birinin parlamentin hüquq şöbəsinin müdiri İon Kreanqa olduğu barədə xəbərlər yayılıb.