Məhkəmə “McDonald's” barəsində qərar verəcək – Protokol tərtib edilib


Dünyanın aparıcı restoranlar şəbəkəsi “McDonald's”ın Azərbaycandakı təmsilçisi - “McDonald's Azərbaycan” QSC (VÖEN – 1700323971) barəsində İnzibati Xətalar Məcəlləsinin 485.2-ci maddəsi ilə inzibati protokol tərtib edilib.
Yeniavaz.com
xəbər verir ki, “McDonald's Azərbaycan” QSC barəsində tərtib olunan protokola Səbail Rayon Məhkəməsində hakim Şəhla Süleymanovanın sədrliyilə 6 avqust tarixində baxılacaq.
Məlumat üçün bildirək ki, İnzibati Xətalar Məcəlləsinin 485.2-ci maddəsində mallar və nəqliyyat vasitələri gətirilərkən və ya aparılarkən müvafiq icra hakimiyyəti orqanına məlumatın verilməməsi və ya təhrif olunmuş məlumatın verilməsi, yaxud əvvəlcədən qısa idxal bəyannaməsinin verilməməsinə görə məsuliyyət nəzərdə tutulur.
Qeyd edək ki, “McDonald's Azərbaycan” QSC 1 mart 1999-ci ildə dövlət qeydiyyatına alınıb. Hüquqi ünvanı Səbail rayonu, Nizami, ev 340-da yerləşən QSC-nin nizamnamə kapitalı 2 milyon 845 min manat təşkil edir. QSC-nin qanuni təmsilçisi Oskar Boqopolskiy Vadimoviçdir.
Onu da bildirək ki, “McDonald's”ın Azərbaycandakı françayzinq sahibi 1968-ci ildə İranın paytaxtı Tehranda anadan olan Böyük Britaniya vətəndaşı Cavad Marandidir.
Marandinin biznes şəbəkəsinə “Emilia Wickstead”, “Anya Hindmarch” və “Conran Shop” kimi məşhur moda və dizayn brendləri daxildir. Bundan başqa Marandi bir sıra otellərə də sahibdir.
Cavad Marandinin həyat yoldaşı Azərbaycanın tanınmış onkoloqu Əli Əlizadənin qızı Nərminə Marandidir (Əlizadə).
Nərminə Marandi də Böyük Britaniya vətəndaşıdır. O hazırda “Wickstead Gargiulo Limited” və “A.S.H.S. Limited” şirkətlərinin direktorudur.

Elnur Əli

DİGƏR XƏBƏRLƏR

Top