“Sinaloa”nın liderlərindən ikisi saxlanıldı – Biri El Çaponun oğludur


“Sinaloa” narkokartelinin yaradıcısı, El Çapo (bəstəbaoy) ləqəbli Xoakin Quzmanın oğullarından biri saxlanılıb.
Yeniavaz.com
xəbər verir ki, bu barədə ABŞ-nin ədliyyə naziri Merrik Qarlandın adınan yayılan bəyanatda bildirilir.
Qeyd olunub ki, Quzmanın beş oğlundan biri olan Xoakin Quzman Lopes El Pasoda (Texas) saxlanılıb.
Bundan əlavə, ABŞ səlahiyyətliləri “Sinaloa”nın həmtəsisçisi, El Mayo ləqəbli İsmael Zambadanın saxlanıldığını da təsdiqləyib.
Qarlandın bəyanatında qeyd olunur ki, məhbuslar kartelin cinayətkar fəaliyyətində, o cümlədən fentanilin istehsalı və qaçaqmalçılığında iştirak etdiklərinə görə çoxsaylı ittihamlarla təqsirləndirilirlər.
“El Financiero” qəzeti daha əvvəl Zambadanın Meksika ilə sərhədə yaxın yerləşən El Paso hava limanında saxlanıldığını bildirmişdi. Qəzet yazır ki, 76 yaşlı Zambada cinayət fəaliyyətinə 1980-ci illərdə “Qvadalaxara” kartelinin üzvlərindən biri kimi başlayıb və orada Xoakin Quzmanla tanış olub. Daha sonra onlar özlərinə məxsus, eyniadlı narkotik kartellərini yaratdıqları Sinaloa əyalətinə qayıdıblar.
“Sinaloa” karteli hazırda dünyanın ən təhlükəli transmilli cinayətkar təşkilatlarından biri hesab olunur.
El Çaponun oğlu Xoakin Quzman Lopez qardaşları ilə birlikdə həm də “Los Çapitos” kartelinin yaradıcısıdır. 2015-ci ildə o, atasının Meksikanın Altiplano həbsxanasından qaçması əməliyyatını koordinasiya edib.
Xoakin Quzman 2015-ci il iyulun 12-nə keçən gecə 10 metr dərinlikdə qazılmış 1,5 kilometr uzunluğunda tuneldən keçərək Altiplanodan qaçıb. 2016-cı ilin yanvarında o, Meksika səlahiyyətliləri tərəfindən saxlanılaraq ABŞ-yə ekstradisiya edilib. 2019-cu ilin fevralında Nyu-Yorkun Şərq dairəsində münsiflər heyəti onu bütün ittihamlar üzrə təqsirli bilib və həmin il iyulun ortalarında Quzman ömürlük həbs cəzasına məhkum edilib.

DİGƏR XƏBƏRLƏR

Top