“Naxçıvanbank” ləğv olundu – Kreditorların nəzərinə!


Azərbaycan Respublikası Mərkəzi Bankının (AMB) İdarə Heyətinin 24 iyul 2024-cü il tarixli Qərarı ilə “Naxçıvanbank” ASC-nin müraciəti əsasında “Naxçıvanbank” ASC-yə bank fəaliyyətinin həyata keçirilməsi üçün verilmiş bank lisenziyası həmin tarixdən etibarən ləğv edilib.
Yeniavaz.com
xəbər verir ki, bu barədə AMB-nin məlumatında deyilir.
Qeyd olunub ki, “E-Kredit Bank Olmayan Kredit Təşkilatı” MMC-yə (BOKT) kreditlərin verilməsi üçün lisenziya verilib.
AMB-nin məlumatında deyilir ki, fiziki şəxslər “Naxçıvanbank”dakı hesab qalıqlarını nağd şəkildə, fərdi sahibkar və hüquqi şəxslər isə hesab qalıqlarını digər bank hesabına köçürmə yolu ilə 25.07.2024-cü il tarixdən etibarən Azərbaycan Respublikası Mərkəzi Bankının Naxçıvan Muxtar Respublikası İdarəsinə (Naxçıvan şəhəri, Cəlil Məmmədquluzadə küçəsi, 32) və Bakı şəhəri, Bül-Bül prospekti 27 ünvanında yerləşən inzibati binasına müraciət edərək əldə edə bilərlər:
“Bildiririk ki, Mərkəzi Bankın İdarə Heyətinin yuxarıda qeyd olunan qərarı ilə “Naxçıvanbank” ASC-nin lisenziyasının ləğv edilməsi anına olan bütün aktivləri, o cümlədən kredit tələbləri hüquqi varisi olan “E-Kredit Bank Olmayan Kredit Təşkilatı” MMC-yə keçmişdir”.
Qeyd eddk ki, Daha əvvəl “Naxçıvanbank” səhmlərinin 63,66%-nin Naxçıvan Muxtar Respublikası Ali Məclisinin sabiq sədri Vasif Talıbovun oğlu Rza Talıbova, 20,48%-nin Talıbovun digər oğlu Seymur Talıbova, 9,82%-nin qızı Baharxanım Talıbovaya, 6,04%-i isə həyat yoldaşı Sevil Sultanovaya məxsus oldub. Vasif Talıbov Ali Məclisin sədri vəzifəsindən istefa verdikdən sonra  “Naxçıvanbank”ın səhmdarları dəyişib.

Elnur Əli

DİGƏR XƏBƏRLƏR

Top