“Gəncə Qənnadı”nın səhmləri satışa çıxarılır


“Gəncə Qənnadı” Açıq Səhmdar Cəmiyyətinin (ASC) dövlətə məxsus və nizamnamə kapitalının 30,03 faizini təşkil edən səhmlərinin satışı üzrə investisiya müsabiqəsi elan edilib.
Yeniavaz.com
xəbər verir ki, bu barədə İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti məlumat yayıb.
Bildirilib ki, Gəncə şəhəri, Şəmkir şosesi, 1 ünvanında yerləşən “Gəncə Qənnadı” ASC-nin özəlləşdirilməsi üzrə keçiriləcək investisiya müsabiqəsində iştirak etmək üçün iddiaçılar investisiya qoyuluşunun istiqamətləri, məbləği və müddəti göstərilməklə ümumi həcmi 400 min manatdan az olmayan investisiya proqramı təqdim etməli, yeni iş yerlərinin yaradılması, yeni avadanlıq və texnologiyaların tətbiqi, yeni istehsal sahələrinin yaradılması, istehsal olunan məhsulların çeşidinin artırılması ilə bağlı konkret təkliflərini verməlidir.
Qeyd olunub ki, müəssisənin ümumilikdə 2 milyon 401 min 46 manat həcmində öhdəlikləri var:
“Müsabiqənin qalibi nəticələr haqqında protokol təsdiq olunduğu tarixdən 30 gün müddətində alqı-satqı müqaviləsini imzalamalı, müqavilədə razılaşdırılacaq müddətdə təklif etdiyi pul vəsaitini (400.000 manatdan az olmamaqla) dövlət büdcəsinə köçürməli, müqavilə ilə müəyyən olunan digər şərt və öhdəlikləri yerinə yetirməlidir.
İnvestisiya müsabiqəsinə çıxarılan dövlət əmlakı ilə https://bit.ly/3xUhTuj linki vasitəsilə tanış olmaq olar.
İddiaçıların ərizə və təkliflərinin qəbulu 2024-cü il 27 avqust tarixinədək (iş günləri saat 10:00-dan 17:30-dək) Əmlak Məsələləri Dövlət Xidmətində (ünvan: Bakı şəhəri, Nizami rayonu, Heydər Əliyev prospekti, 139) aparılacaqdır.
Komissiya tərəfindən müsabiqə təkliflərinin qiymətləndirilməsi Xidmətin inzibati binasında 2024-cü il 28 avqust tarixində saat 15:00-dan başlayaraq həyata keçiriləcəkdir”.
Qeyd edək ki, hüquqi ünvanı “AZ2021, Gəncə şəhəri, Gəncə-Şəmkir Şossesi , ev 01”də yerləşən “Gəncə Qənnadı” ASC-nin (VÖEN: 2300130961) qanuni təmsilçisi Hüseynov Ramiz Xasay oğludur. 3 avqust 1998-ci ildə dövlət qeydiyyatına alınan ASC-nin nizamnamə kapitalı 5 milyon 288 min 190 manatdır.

Elnur Əli

DİGƏR XƏBƏRLƏR

Top