
Banqladeşdə tələbələrlə polis arasında toqquşmalar zamanı ən azı 105 nəfər həlak olub, 700-dən çox nəfər yaralanıb.
Yeniavaz.com bu barədə “Hindustan Times” qəzeti məlumat yayıb.
Məlumata görə, Banqladeş hakimiyyəti komendant saatı başlayandan sonra Dəkkəyə və ölkənin digər şəhərlərinə hərbi hissələrin daxil olduğunu elan edib.
Banqladeşin Baş naziri Şeyx Hasinanın mətbuat katibi Naimul İslam Xan qoşunların asayişi bərpa etmək üçün cəlb olunduğunu bildirib.
“Hökumət komendant saatı tətbiq etmək və mülki hakimiyyətə yardım etmək üçün silahlı qüvvələri göndərmək qərarına gəlib”, - deyə qəzet Xanın sözlərindən sitat gətirib.
Digər tərəfdən, son 24 saat ərzində Dəkkədə etirazçılarla toqquşmalar zamanı ən azı 300 Banqladeş polisi yaralanıb.
“Ən azı 150 polis məmuru xəstəxanaya yerləşdirilib, 150 polis məmuruna ilkin tibbi yardım göstərilib”, - deyə şəhər polisinin mətbuat katibi Faruk Hüseyn məlumat verib.
Qeyd edək ki, Banqladeşdə etirazlar bu ayın əvvəlində ölkədəki özəl və dövlət universitetlərindən yüzlərlə tələbənin 1971-ci ildə Müstəqillik Müharibəsində vuruşan azadlıq döyüşçülərinin qohumları üçün işə qəbul kvotalarına etiraz etməsindən sonra başlayıb.