Makron Attalın istefasını qəbul etmədi


Fransa Prezidenti Emmanuel Makron respublikanın Baş naziri Qabriel Attalın istefasını qəbul etməyib.
Yeniavaz.com
xəbər verir ki, bu barədə “Agence France-Presse” (AFP) agentliyi Yelisey sarayına istinadla məlumat yayıb.
Məlumata görə, dövlət başçısı baş nazirdən ölkədə sabitliyi təmin etmək üçün müvəqqəti olaraq vəzifəsində qalmağı xahiş edib.
Mətbuat orqanı yazır ki, hökumət Olimpiya (26 iyul - 11 avqust) və Paralimpiya Oyunlarını (28 avqust - 8 sentyabr) təşkil etmək üçün payızın əvvəlinə qədər hazırkı tərkibində işləməyə davam edəcək.
Qeyd edək ki, parlament seçkilərində qalib gələn solçu “Yeni Xalq Cəbhəsi” alyansı baş nazirin namizədliyi və hökumət proqramını əlaqələndirməkdə davam edir. “Europe 1” radiostansiyası hesab edir ki, yeni hökumət başçısının adı yaxın vaxtlarda açıqlanmayacaq. Eyni zamanda, Makron Milli Assambleyanın yeni sədrinin seçiləcəyi ilk iclasının keçiriləcəyi tarixə - iyulun 18-ə qədər baş nazirin namizədliyi ilə bağlı yekun qərar verə bilməz.
Xatırladaq ki, Fransa Daxili İşlər Nazirliyinin məlumatına görə, “Yeni Xalq Cəbhəsi” alyansı parlamentin Milli Assambleyasına (aşağı palatası) növbədənkənar seçkilərdə qalib gələrək, 182 yer qazanıb. Ondan sonra “Respublika Naminə Birlikdə” prezident koalisiyası (168 yer), sağçı “Milli Mitinq” (143 yer) partiyası və sağ mərkəzçi “Respublikaçılar” (46 yer) partiyası gəlir.

DİGƏR XƏBƏRLƏR

Top