Naxçıvanda statistik göstəricilər saxtalaşdırılıb? – Ekspertdən açıqlama


Bu ilin iyun ayının 1-nə olan məlumata görə Naxçıvan Muxtar Respublikasında qeyri-dövlət bölməsində aktiv əmək müqavilələrinin sayı 1 yanvar 2023-cü illə müqayisədə 3,5 dəfə və ya 7 min 600 vahid artaraq 10 min 659 təşkil edib.
Yeniavaz.com
xəbər verir ki, bu barədə məlumatı Dövlət Vergi Xidməti açıqlayıb.
Məlumatda bildirilir ki, bu ilin əvvəli ilə müqayisədə həmin göstərici 1,7 dəfə və ya 4 min 273 vahid artıb.
Onu da qeyd edək ki, əmək müqavilələrinin artmasına səbəb kimi Dövlət Vergi Xidməti tərəfindən iş yerlərinin rəsmiləşdirilməsi, əməkhaqqı fondunun “ağardılması” və şəffaflılığın təmin edilməsi istiqamətində reallaşdırılan tədbirlər göstərilib.
Açıqlanan məlumatlardan belə görünür ki, 1 yanvar 2023-cü il tarixində Naxçıvanda qeyri-dövlət bölməsində aktiv əmək müqavilələrinin sayı 3 min 59, 1 yanvar 2024-cü il tarixində isə 6 min 386 olub.
Dövlət Statistika Komitəsinin açıqladığı məlumatda isə göstərilir ki, 1 yanvar 2023-cü il tarixində Naxçıvanda qeyri-dövlət sektorunda muzdlu işçilərin sayı 72 min 637 nəfər, 1 yanvar 2024-cü il tarixində isə 23 min 190 nəfər olub.
Açıqlanan rəsmi məlumatlara münasibət bildirən iqtisadçı-ekspert Allahverdi Aydın bildirir ki, əmək müqavilələrinin sayı ilə muzdlu işçilərin sayı arasında bu qədər böyük fərqin olması mümkün deyil:
“Bildiyimiz kimi, Vergi Məcəlləsinin 13-cü maddəsində muzdlu işçinin əmək müqaviləsi ilə işləyən şəxs olduğu yazılır. 2023-cü ildə Naxçıvanda özəl sektorda 72 mindən çox muzdlu işçi olubsa, 3 min əmək müqaviləsinin olması imkansızdır. Paraktikada biz bəzən nadir hallarda da olsa görürük ki, bir nəfər eyni anda bir neçə işəgötürənlə əmək müqaviləsi bağlayır. Belə olan əmək müqavilələrinin sayı muzdlu işçilərin sayından çox ola bilir. Amma mövcud qanunvericiliyə görə, muzdlu işçilərin sayı heç bir halda əmək müqavilələrinin sayından çox ola bilməz”.

Allahverdi Aydın

Ekspert qeyd edib ki, açıqlanan rəqəmlərin heç bir məntiqi və hüquqi izahı yoxdur:
“Görünən odur ki, Naxçıvanla bağlı statistik göstəricilər saxtalaşdırılıb, ya da hansısa texniki səbəbdən yanlış qeydə alınıb. Amma məlumatların texniki səbəblərdən yanlış qeydə alınacağı inandırıcı görünmür. Çünki 2023-cü ilə kimi Naxçıvanla bağlı qeydə alınan statistik göstəricilərdə bu cür müəmmalı məqamlar çox olub. Məsələn, açıqlanan rəsmi statistikada uzun illər Naxçıvanda bir nəfər də olsun işsiz şəxsin olmadığı qeyd olunub. Əgər, daha əvvəl Naxçıvanla bağlı statistik rəqəmlər səhv qeydə alınıbsa, ya da bilərəkdən saxtalaşdırılıbsa müvafiq rəsmi qurumlar gec də olsa bu barədə ictimaiyyətə izah verməlidirlər”.
Məsələyə aydınlıq gətirilməsi üçün Dövlət Vergi Xidmətinə müvafiq sorğu ünvanlanıb.

***
Məsələ ilə bağlı Dövlət Statistika Komitəsinə ünvanladığımız müvafiq sorğuya qurumdan belə cavab verildi:
“Dövlət Statistika Komitəsi 1 yanvar 2023-cü il vəziyyətinə Naxçıvan MR-da qeyri-dövlət sektorunda çalışan muzdlu işçilərin sayı (72 637 nəfər) ilə bağlı qeyd edilmiş məlumatı təsdiq edir. Məlumat üçün bildiririk ki, muzdlu işçilərin sayı ilə bağlı məlumatlar statistik vahidlər tərəfindən təqdim edilən rəsmi statistika hesabatları əsasında müəyyən olunur”.

Elnur Əli

DİGƏR XƏBƏRLƏR

Top