Son günlər Ermənistanla Belarus arasında siyasi gərginlik müşahidə olunur. Belə ki, iyunun 13-də Ermənistanın Baş naziri Nikol Paşinyan Aleksandr Lukaşenkonun Belarusa rəhbərlik etdiyi müddətdə bu ölkəyə getməyəcəyini bəyan edib. Bu gün, həmçinin Ermənistan Xarici İşlər Nazirliyinin mətbuat katibi Ani Badalyan bildirib ki, Ermənistanın Belarusdakı səfiri Razmik Xumaryan məsləhətləşmələr üçün İrəvana çağırılıb.
Yeniavaz.com xəbər verir ki, Ermənistan mətbuatı iki ölkə arasında gərginliyin artmasının ticarət əlaqələrinə mənfi təsir edə biləcəyini yazır.
Qeyd edək ki, Nikol Paşinyan baş nazir olduqdan sonra Ermənistanın Belarus ilə ticarət əlaqələri dəfələrlə artıb.
BMT-nin beynəlxalq ticarətlə bağlı məlumat bazasında (COMTRADE) qeydə alınan məlumatlardan belə görünür ki, Nikol Paşinyanın baş nazir olmasından bir il əvvəl – 2017-ci ildə Ermənistan Belarusa 6,94 milyon dollar dəyərində məhsul ixrac edib, əvəzində Belarusdan 37,6 milyon dollar dəyərində məhsul idxal edib.
Nikol Paşinyan baş nazir olduqdan sonra Belarus ilə ticarət əlaqələri sürətlə artmağa başlayıb. Ötən il – 2023-cü ildə Ermənistan Belarusa 91,7 milyon dollar dəyərində məhsul ixrac edib, əvəzində Belarusdan 89,7 milyon dollar dəyərində məhsul idxal edib.
Rəqəmlərdən də göründüyü kimi, son 6 ildə Ermənistanın Belarusa ixracı 13,2 dəfə, idxalı isə 2,4 dəfə artıb.
Elnur Əli