Həkim Ələsgər Məmmədlinin səhhəti ilə bağlı məlumatların təhrif edildiyini bildirir


Ədliyyə Nazirliyi Tibb Baş İdarəsindən vəkil Aqil Layıcın müvəkkili – “Toplum TV”nin həbsdə olan həmtəsisçisi, media hüququ üzrə ekspert Ələsgər Əhmədoğlunun (Məmmədli) səhhətindəki problemlərlə bağlı müvafiq sorğusuna cavab verilib.
Yeniavaz.com
xəbər verir ki, bu barədə vəkil özünün sosial media hesabında məlumat dərc edib.
Bildirilib ki, Ə. Məmmədlinin qalxanabənzər vəzisində olan kiçik düyünlərlə bağlı o, Bakı istintaq təcridxanasında əlavə müayinələrə cəlb edilib, qanda hormonların səviyyəsi yoxlanılıb, göstəricilər norma civarında olub:
“Ətraflı müayinə məqsədi ilə Ə.Məmmədli 26 aprel 2024-cü il tarixdə Penitensiar xidmətin Müalicə müəssisəsində əlavə müayinələrə cəlb edilmiş, o cümlədən Milli Onkologiya Mərkəzinin onkoloqu ilə konsultasiya edilmişdir. Onkoloq hazırda kəskin onkoloji prosesin izlənilmədiyini, sitoloji təhlil üçün düyünün histoloji müayinəsinin təcili aparılmasına zərurət olmadığını, planlı qaydada keçirilməsinin mümkünlüyünü bildirmişdir.
Hazırda həbs edilmiş şəxsin vəziyyəti kafidir, səhhəti ilə bağlı şikayəti yoxdur. Onda onkoloji patologiyaya aid təzahürlər izlənilmir, tibbi nəzarət məqsədi ilə planlı müayinələr aparılır”, - qurumun Müalicə işinin təşkili idarəsinin rəisi-həkim vəzifəsini icra edən Füzuli Hüseynovun  adından göndərdiyi məktubda deyilir.

Aqil Layıc

Vəkil isə Ədliyyə Nazirliyi Tibb Baş İdarəsinin verdiyi məlumatların doğru olmadığını iddia edir:
“Yazıblar ki, heç nə yoxdur. Histoloji müayinə olmadan necə müəyyən ediblər ki, bu xoşxassəlidir, ya bədxassəli? Həmçinin yazıblar ki, Ələsgər Məmmədlinin səhhəti ilə bağlı şikayəti olmayıb.
Yenə də ağ yalan danışırlar, qalxanabənzər vəzində olan düyünün (şiş) ölçüsü 23 mm-dir. Bu da tibbi zərurətə əsasən həmin şişin hispoloji müayinəsini zəruri edir. Ələsgər bəy qeyd edir ki, onunla bağlı ciddi müayinə aparmayıblar, histoloji müayinənin aparılmasına ümumiyyətlə texnikaları yoxdur. Ələsgər bəy həkimə deyib ki, artıq onun boğazında olan düyünlər onu yatmağa belə qoymur, boğulmalar baş verir”.
Vəkil Ədliyyə Nazirliyinin tabeliyindəki qurumları səhih məlumatları gizlətməkdə ittiham edib:
“Öldürmək istəyirsinizsə, açıq-aşkar deyin. Hər şey sabah Ələsgər Məmmədlinin həyatı üçün gec ola bilər. Ə.Məmmədlini biopsiya etmədən, histoloji müayəni etmədən, Tibb Baş İdarəsi nəyə əsasən yazıb ki, onkoloji patologiyalar izlənilmir?! Gözəl Bayramlı da məhz bu cür təhrif edilmiş məlumatlar nəticəsində, vaxtında müayinədən və müalicədən məhrum edilmiş və həyatını itirmişdir”.

Aydın Əliyev

Azərbaycan Tibb Universitetinin Tədris Terapevtik Klinikasının Şüa Diaqnostikası şöbəsinin müdiri, həkim-radioloq Aydın Əliyev isə Tibb Baş İdarəsindən göndərilən məktuba istinad edərək, uzunluğu 6, eni 4 və qalınlığı 2 sm olan bir vəzin içərisindəki 23 mm ölçüdəki düyünün kiçik hesab edilə bilməyəcəyini qeyd edib.
“Amerika Tiroid Assosiasiyasının tövsiyəsinə görə ölçüləri 1, maksimum 2 sm olan düyünlər, hamar konturlu olsa belə mütləq biopsiya edilməlidir, halbuki, Ələsgər bəydə Ultrasəs (dopler) müayinəsi nəticələrinə görə düyünün kənarları hipervaskulyarizasiyalı və strukturu heterogengir, yəni həmcins deyil. Bundan başqa, sizin tibb idarəsinin – özünüzün qan analizinin nəticəsinə görə, amilaza testinin nəticəsi 333 U/L olmuşdur, halbuki, normada maksimal həddi 220 U/L olmalıdır. Bununla bağlı heç bir açıqlama vermirsiniz. Və yazırsınız ki, qalxanvari vəz hormanlarının qanda miqdarı normal olmuşdur, halbuki, bunu sıradan bir həkim də bilir ki, hormonların miqdarının normal olmasının düyünün bədxassəli olması ilə yaxından-uzaqdan heç bir əlaqəsi yoxdur. Həmçinin yazırsınız ki, müayinə nəticələri onkoloqla məsləhətləşilmişdir və iynə biopsiyasına ehtiyac yoxdur. Bütün yuxarıda yazılanlardan belə bir nəticə çıxır ki, siz və məsləhətləşdiyiniz onkoloqun müasir dünya tibbindən ya xəbəriniz yoxdur, ya da birmənalı sifarişlə hərəkət edirsiniz”.

DİGƏR XƏBƏRLƏR

Top