Küveyt əmiri parlamenti buraxdı


Küveyt əmiri Şeyx Məşəl Əl-Əhməd Əl-Cabir Əs-Sabah cümə günü Milli Assambleyanın (birpalatalı parlament) buraxıldığını və konstitusiyanın bəzi müddəalarının fəaliyyətinin dayandırıldığını elan edib.
Yeniavaz.com
xəbər verir ki, bu barədə Küveyt dövlət televiziyası məlumat yayıb.
Məlumata görə, parlamentin səlahiyyətləri müvəqqəti olaraq əmirə və Nazirlər Kabinetinə keçəcək.
Dövlət başçısının müvafiq fərmanı “Əl-Küveyt əl-Yəvm” hökumət qəzetində dərc edildikdən sonra qüvvəyə minəcək.
Əmirin çıxışından belə çıxır ki, parlamentin buraxılması qərarının səbəbi deputatlarla hökumət üzvləri arasında davam edən münaqişədir.
“Son vaxtlar Küveyt çətin günlər yaşayır və bu, ölkəni xilas etmək və onun ali maraqlarını təmin etmək üçün zəruri olan çətin qərarı qəbul etməkdə tərəddüd və ya gecikməyə yer qoymur”, - deyə Şeyx Məşəl dövlət televiziyasında yayımlanan xalqa müraciətində bildirib.
Qeyd edək ki, Küveyt parlamentinə erkən seçkilər aprelin əvvəlində keçirilib və 2023-cü ilin dekabrında böyük qardaşı Şeyx Nəvaf əl-Əhməd əl-Cabir əs-Sabahın ölümündən sonra taxt-taca oturan hazırkı əmirin hakimiyyəti dövründə ilk seçki olub. Şeyx Məşəl fevralın 15-də əvvəlki parlamenti konstitusiya prinsiplərini pozduğuna” və “təhqir və nalayiq ifadələrə görə buraxıb.
Xatırladaq ki, ölkədə siyasi partiyaların fəaliyyəti qadağandır, lakin ictimai birliklər, o cümlədən müxalifət xarakterli birliklər var. Formal olaraq, deputatlığa namizədlər müstəqil namizəd kimi iştirak edirlər, lakin onların əksəriyyəti ictimai təşkilatların, dini icmaların və ya qəbilələrin maraqlarını təmsil edirlər.

DİGƏR XƏBƏRLƏR

Top