“Göyçay rayonunun Qarabaqqal kəndi ərazisində böyük “zibil poliqonu” mövcuddur və 8 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsinin məcburi göstərişinə baxmayaraq Göyçay Rayon İcra Hakimiyyəti yanında Şəhər Təsərrüfatı Birliyi buradakı tullantılarla bağlı tədbir görmür”.
Bunu Yeniavaz.com-a müraciət edən rayonun Birinci Ərəbcəbirli kənd sakini Səmədov Məhəmmədəli deyib.
O bildirir ki, bu ilin fevral ayında məsələni ictimailəşdirib və aidiyyəti qurumları poliqondakı tullantılarla bağlı tədbir görmyə çağırıb:
“Bundan sonra 8 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsi tərəfindən mənimlə əlaqə saxlanıldı. İdarənin əməkdaşı Rübail Allahverdiyev “Şəhər Təsərrüfatı Birliyi”nin sədri Murtuz Salahovun və mənim iştirakımla poliqona yerində baxış keçirdi. Şikayətimdə qeyd etdiyim nöqsanlar aşkarlandı. İdarə tərəfindən poliqonda qalaqlanmanın qarşısının alınması üçün 15 fevral 2024-cü il tarixində “Şəhər Təsərrüfatı Birliyi”nə “məcburi göstəriş” verildi”.
M. Səmədov deyir ki, iki aydan artıq müddət keçməsinə baxmayaraq sözügedən ərazidəki tullantılarla bağlı hər hansı tədbir görülməyib.
O ərazidən fotoları da redaksiyamıza təqdim edib:
Göyçay Rayon İcra Hakimiyyəti yanında Şəhər Təsərrüfatı Birliyinin sədri Murtuz Salahov Yeniavaz.com-a bildirib ki, sözügedən ərazi tullantılardan təmizlənib:
“Regional Ekologiya və Təbii Sərvətlər İdarəsinin əməkdaşlarını dəvət etmişik, gəlib baxış keçirib, aktlaşdırıblar”.
M. Salahov M. Səmədovun redaksiyamıza təqdim etdiyi fotolarla bağlı isə bunları deyib:
“Poliqonda gül-çiçək olmalıdır? Poliqonda zibil olacaq da...”
Murad Məmmədov