İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti Bakı Şəhər Lokal Gəlirlər Baş İdarəsi Əlisəfazadə Anar Əlisəfa oğlunun ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması ilə əlaqədar olaraq məhkəməyə müraciət edib.
Yeniavaz.com xəbər verir ki, Vergi Xidmətinin müraciəti Bakı Kommersiya Məhkəməsinin hakimi Günay Namazova tərəfindən araşdırılacaq.
Məlumat üçün bildirək ki, təxminən 2 ay əvvəl İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Əlisəfazadə Anar Əlisəfa oğlunun rəhbərlik etdiyi “Sea Breeze Shıkh” MMC-yə (VÖEN – 1601203301) qarşı da məhkəmə iddiası qaldırıb.
Bildirilirdi ki, nazirlik “Sea Breeze Shıkh” MMC-ni icarə müqaviləsi üzrə mübahisələrlə əlaqədar məhkəməyə verib. Bu iddia üzrə araşdırma isə Bakı Kommersiya Məhkəməsinin hakimi Kənan Hüseynov tərəfindən aparılacaq.
Onu da bildirək ki, Anar Əlisəfazadə 2020-ci ildə keçirilən sonuncu parlament seçkilərində 32 saylı Suraxanı üçüncü seçki dairəsindən namizədliyini irəli sürüb. Daha sonra seçkinin nəticələri ilə razılaşamyan digər namizədlərlə birgə MSK-ya müraciət edərək seçkinin nəticələrinin ləğvini tələb edib.
Anar Əlisəfazadə
Anar Əlisəfazadə MSK-ya təqdim etdiyi tərcümeyi-halında özünü “Airtrips.az” MMC-nin (VÖEN- 1303699561) qanuni təmsilçisi kimi təqdim edib.
Məlumat üçün onu da bildirək ki, Anar Əlisəfazadə adları qeyd olunan şirkətlərdən başqa 2016-cı ildə dövlət qeydiyyatına alınan “Aircell” MMC-nin (VÖEN – 1503124491) və 2017-ci ildə dövlət qeydiyyatına alınan “Saffcell” MMC-nin (VÖEN – 1503833691) qanuni təmsilçisi olub.
Anar Əlisəfazadə hazırda bu şirkətlərdən yalnız “Sea Breeze Shıkh” MMC-nin qanuni təmsilçisidir. Digər şirkətlərin qanuni təmsilçisi və hüquqi ünvanları dəyişib. “Aircell” MMC-nin adı dəyişdirilərək “Erochain SC” MMC olub.
Nazirliyin məhkəməyə verdiyi Anar Əlisəfazadənin adı 2020-ci ildə Şöhrət Salmanov adlı proqramçı ilə aralarında yaşanan maliyyə qalmaqalında da keçib. Şöhrət Salmanov iddia edib ki, “Airtrips” və “Aircell” şirkətinin direktoru Əlisəfazadə Anar Əlisəfa oğlu ona müraciət edərək “aircenter.az” və “cij.az” saytlarının hazırlanması üçün sifariş verib. Onun sözlərinə görə, Anar Əlisəfazadə sayt hazır olduqdan sonra nəzərdə tutulan xidmət haqqını ödəməyib.
Qeyd edək ki, iddiada adı keçən hər iki saytın – “aircenter.az” və “cij.az” domeinlərinin sahibi Beynəlxalq Münasibətlərin Təhlili Mərkəzinin idarə heyətinin sədri Fərid Şəfiyevdir. Beynəlxalq Münasibətlərin Təhlili Mərkəzi 2019-cu ildə yaradılan dövlət qurumudur. “Aircenter.az” saytı da bu mərkəzin rəsmi saytı kimi fəaliyyət göstərir. Fərid Şəfiyev 2009-2014-cü illərdə Azərbaycanın Kanadada, 2014-2019-cu illərdə isə Çexiyada fövqəladə və səlahiyyətli səfiri olub. O, həmçinin Beynəlxalq Mülki Aviasiya Təşkilatı yanında da Azərbaycan Respublikasının daimi nümayəndəsi olub.
Elnur Əli