Əvvəli bayram, ortası bayram, sonu bayram...


Ramazan bayramı duyan könüllərin coşğusudur. Ramazan bayramı bir ay boyu çəkilmiş əməyin, göstərilmiş səbrin mükafatıdır. Tutaq ki, kimsə hansısa səbəbə görə oruc tutmayıbsa, onun da bayramıdır. Birisi oruc tutanı iftarda qonaq edibsə, onun da bayramıdır. Başqa birisi oruc tutanlara dua edirsə, onun da bayramıdır...
Bir sözlə, bu bayram özünü Allahın (c.c.) qulu, Həzrəti Məhəmmədin (s.ə.s.) ümməti bilən hər kəsin bayramıdır. Ən çox da bir ay boyu Allahın əmrini yerinə yetirənlərin, hər kəsin könlünün xoş olmasını, çöhrələrinin gül açmasını arzulayanların bayramıdır. Bir ay boyu oruc tutanlar sonda bayrama qovuşduqları kimi, ömür boyu haramdan, günahdan qaçanların Cənnətə qovuşacaqlarının müjdəsidir.
Bayram təkcə göndərilən təbriklər deyil, açılan süfrələr deyil, ən başlıcası könüllərin açılmasıdır, bu gözəlliyin ürəklərdə yaşanmasıdır.
Təsəvvür edin ki, aylarla açılmayan bir qapını döyürsünüz, o evdə tənha yaşayan, Allahdan başqa kimsəsi olmayan bir nənənin əlini öpürsünüz, bayramını təbrik edirsiniz, gətirdiyiniz sovqatla sevindirirsiniz. Heç o ana bu günü, bu gəlişi unudarmı?! Bir şey almaq insanı sevindirir, amma Allah rizasını qazanmaq üçün bir şey vermək insanı daha çox sevindirir. Bayram dediyin də elə budur.
Bayramda valideynləri ziyarət etmək çox mühüm məsələdir. Əli yetməyənlər heç olmasa sosial şəbəkələr üzərindən, ya da telefon vasitəsi ilə öz təbriklərini çatdırsınlar. Qəbir ziyarətinə getmək, ölmüşlərini yad etmək də bu bayrama aid ən gözəl ənənələrdən biridir. Sevimli Peyğəmbərimizi (s.ə.s.) örnək alaraq bu bayramda uşaqlara hədiyyələr vermək çox gözəl ənənədir. Bu ənənə, əslində, uşaqların bu bayrama və bu bayrama qədər yaşanan Ramazan orucuna sevgisini, rəğbətini artırır.
Ramazandan ayrılmaq sevimli dostdan ayrılmaq kimidir. Bir ay boyu adət etdiyimiz ritmdən yeni həyat tərzinə, daha doğrusu, əvvəlki vərdişlərimizə dönəcəyik. İftarı gözlədiyimiz dəqiqələr, gecənin bir aləmində yataqdan durub sahur yeməyimiz, təravihlər, telekanallarda izlədiyimiz Ramazan proqramları üçün darıxacağıq. Ancaq hər şeyin bir zaman möhləti olduğu kimi, bu Ramazanın da bir zaman möhləti var.
Tutduğumuz oruclar, dodaqlarımızdan, qəlbimizin dərinliklərindən pərdə-pərdə yüksələn dualar bir zamanlar görüşümüzə gəlmək üçün bizdən ayrılıb gedəcək. İnanırıq ki, bu əməllərimizin heç biri boşa getməyəcək, ömrümüzə, könlümüzə, əməl dəftərimizə yazılacaq.
Alimlər yazırlar ki, əgər biz Ramazan boyu oruc ibadətini bütün şərtlərinə uyğun yerinə yetirə bilsək, yəni orucumuzu düzgün tuta bilsək, qalan on bir ay boyu da oruc bizi tutar, yəni əlimizi, gözümüzü, dilimizi günaha yaxınlaşmağa qoymaz.
Ramazan bayramı münasibəti ilə bütün müsəlman qardaş-bacılarımızı ən səmimi duyğularımızla təbrik edir, hər birinə iman dolu könül, təbəssümlə parlayan çöhrə, dalğa-dalğa dualarla bərəkətlənən dodaqlar, Haqqa zillənmiş baxışlar arzulayırıq. Rəbbim bizi bir-birindən xeyirli Ramazanlara qovuşdursun! Bizə yaralarımıza məlhəm qoya biləcək qədər cəsarət, iman gücü, qətiyyət nəsib etsin!
Ramazan bayramınız mübarək olsun! Rəbbim günahlarımızı əfv etsin, bizə bu ayın zövqünü, bərəkətini doya-doya yaşamağı qismət etsin! Amin!..

Murad Məmmədov

DİGƏR XƏBƏRLƏR

Top