Göyçay rayon sakini Rahim Kərimov 2018-ci ilin aprel ayında Göyçay şəhər 5 saylı tam orta məktəbə lazım olan bütün sənədləri təqdim edərək, təsərrüfat müdiri vəzifəsinə işə düzəldiyini, lakin daha sonra sənədlərinin saxta olduğu əsas gətirilərək, işdən çıxarıldığını deyir.
Yeniavaz.com xəbər verir ki, o, bununla bağlı özünün “Youtube” kanalında məlumat dərc edib.
R. Kərimov iddia edir ki, o, həmin vaxt məktəbdə direktor əvəzi işləyən Nüşabə Kazımova ilə həmkarı arasındakı hərc-mərcliyin qurbanı olub. O bildirir ki, işə müraciət edərkən təqdim etdiyi sənədlərin saxta olduğuna dair hüquq-mühafizə orqanlarında araşdırma aparılıb:
“2019-cu ilin yanvarın 31-i Nüşabə müəllimə məni otağına çağırıb dedi ki, sabahdan işə gəlmə. Səbəbini, nəyə əsasən olduğunu soruşdum. Dedi ki, təhsil şöbəsindən əmr gəlib, əmək məcəlləsinin 70-ci maddəsinin “C” bəndinə (peşəkarlıq səviyyəsinin, ixtisasının (peşəsinin) kifayət dərəcədə olmadığına görə işçinin tutduğu vəzifəyə uyğun gəlmədiyi barədə səlahiyyətli orqan tərəfindən müvafiq qərar qəbul edildikdə) əsasən işdən azad olunursan. Azad olunmağıma dair heç bir sənəd vermədi. Təhsil şöbəsinə getdim. Rəhmətlik Elnur müəllim (Elnur İsmayılov – Göyçay Rayon Təhsil Şöbəsinin sabiq rəhbəri – red.) adi ağ-qara yazılmış A4 vərəqi göstərdi ki, Təhsil Nazirliyindən əmr gəlib. Əmrə baxdım, nümunə üçün bir dənə nöqsan göstərilmədən “işdən azad olunsun” yazılmışdı”.
R. Kərimov bildirir ki, daha sonra məhkəməyə müraciət edib və qanunsuz işdən azad olunmağı sübuta yetirilib:
“Məhkəmənin qərarının icra olunmasına bir neçə gün qalmış məktəbə yeni direktor təyin olundu. Təyinatının verildiyi iki gün idi ki, bir-birimizi tanımadığımız halda həmin direktor məndən apellyasiya məhkəməsinə şikayət etdi. Ünvanına gedib səbəbini soruşdum. Cavabı belə oldu:
“Mənim stolumun üstünə İcra Hakimiyyəti tərfindən hazır məktub gəlib, mən qol çəkib “peçat” vurmuşam. Əks təqdirdə işimdən olacaqdım”.
O bildirir ki, daha sonra istintaq orqanı tərəfindən cinayət məcəlləsinin 178.1 (dələduzluq) maddəsi işinə əlavə edilib:
“Bir müddət sonra direktorun şikayəti əsasında Şəki Apellyasiya məhkəməsi oldu. Şəki Apellyasiya Məhkəməsi sənədlərimin araşdırması davam etdiyi vaxtda sənədlərimin saxta olduğunu əsas gətirərək Göyçay Rayon Məhkəməsinin qərarını ləğv etdi. Ali Məhkəməyə müracit etdik, əfsuslar olsun ki, apellyasiya məhkəməsinin qərarı qüvvədə saxlanıldı. İşdən azad olunmağımdan iki il sonra 09 fevral 2021-ci ildə sənədlərimlə bağlı Göyçayda yekun məhkəmə prosesi oldu. Məhkəmədə 178.1-ci maddədən bəraət aldım. Sənədlərimi hansı illərdə, kimlərdən aldığımı hakimə desəm də, həmin kəslərin rəhmətə getdiyini bildirib sənədlərimin saxta olduğuna dair qərar verdi və sənədlərimi məhkəmədə saxladı. Artıq məhkəmələrə olan inamım yox olduğuna görə, sənədlərimlə bağlı apellyasiya məhkəməsinə şikayət etmədim”.
R. Kərimov şər-böhtan nəticəsində və müəyyən şəxslərin tapşırığına əsasən işindən azad olunduğunu iddia edir:
“İşə düzələrkən təqdim etdiyim bütün sənədləri düz olduğu halda, necə oldu ki, bütün sənədlərimin saxta olduğunu əsas gətirib məni işdən azad etdilər?”
Göyçay sakininin yaydığı videomüraciəti təqdim edirik:
Məsələ ilə bağlı Mərkəzi Aran Regional Təhsil İdarəsindən Yeniavaz.com-un müvafiq sorğusuna cavab olaraq bildirilib ki, Rahim Kərimovun təhsil sənədinin dövlət nümunəli olmaması, eyni zamanda əmək funksiyası və əmək müqaviləsi üzrə nəzərdə tutulmuş öhdəlikləri yerinə yetirə bilməməsi nəzərə alınmaqla məktəbin 01 fevral 2019-cü il tarixli, 13 nömrəli əmri ilə Azərbaycan Respublikası Əmək Məcəlləsinin 70-ci maddəsinin “Ç” bəndinə əsasən tutduğu vəzifədən azad olunub:
“Qeyd edirik ki, Mərkəzi Aran Regional Təhsil İdarəsinin müvafiq əmri ilə təsdiq edilmiş Təlimata əsasən sözügedən vəzifəyə işə qəbul mərkəzləşdirilmiş qaydada müsabiqə yolu ilə aparılır. Həmçinin “Təhsil sahəsinə aid olan qulluqçu vəzifələrinin “Vahid Tarif-İxtisas Sorğu Kitabçası”nda dövlət ümumi təhsil müəssisələrində təsərrüfat işləri üzrə direktor müavini vəzifəsinə işə qəbul edilən işçilərə bu Kitabça ilə müəyyən edilmiş müvafiq ixtisas tələbləri tətbiq edilir. Dövlət ümumi təhsil müəssisələrində təsərrüfat işləri üzrə direktor müavini vəzifəsinə işə qəbulda orta ixtisas və ya ali təhsilli, eyni zamanda 3 ildən az olmayaraq əmək stajı olan şəxslər nəzərdə tutulur. Rahim Kərimovun Mərkəzi Aran Regional Təhsil İdarəsinin elan etdiyi bu müsabiqənin qeydiyyat mərhələsində iştirak etməsinə baxmayaraq, iddia etdiyi təsərrüfat işləri üzrə direktor müavini vəzifəsinin qanunvericiliklə nəzərdə tutulmuş tələblərinə uyğun gəlmədiyi üçün onun müsabiqənin test imtahanı mərhələsində iştirakına imtina verilib”.
R. Kərimova məxsus təhsil sənədi dövlət nümunəli olmadığı, eləcə də iddia etdiyi təsərrüfat işləri üzrə direktor müavini vəzifəsinin qanunvericiliklə nəzərdə tutulmuş tələblərinə uyğun gəlmədiyi halda hansı şəraitdə işə götürüldüyü ilə bağlı sorğumuza isə belə cavab verilib:
“Yol verilmiş halla bağlı Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyinin Daxili nəzarət şöbəsinin əməkdaşları tərəfindən yoxlama aparılıb. Nəticəsi barədə Göyçay Rayon Təhsil Şöbəsinə ünvanlanmış (indiki Göyçay rayonu üzrə təhsil sektoru) 25 dekabr 2018-ci il tarixli, 25-09-2124/13 nömrəli məktuba əsasən təhsil müəssisəsinin direktor əvəzi Nüşabə Kazımovanın 01 fevral 2019-ci il tarixli 13 nömrəli əmri ilə Rahim Kərimov tutduğu vəzifədən azad edilib. Qeyd edirik ki, Rahim Kərimov Göyçay şəhər 5 nömrəli tam orta məktəbin sabiq direktoru Mürsəlov Söhrab Eldar oğlunun 31 mart 2018-ci il tarixli 31 nömrəli əmri ilə işə qəbul olunub, daha sonra isə Söhrab Mürsəlov tutduğu vəzifədən azad olunub və direktor vəzifəsinin müvəqqəti icrası Nüşabə Kazımovaya tapşırılıb. Qeyd edək ki, Daxili nəzarət şöbəsinin əməkdaşları tərəfindən adıçəkilən məktəbdə 2 dəfə yoxlama aparılıb və 1-ci yoxlamanın nəticələrinə əsasən, Nüşabə Kazımovaya Əmək Məcəlləsi, normativ aktlarla müəyyən edilmiş vəzifələri yerinə yetirə bilmədiyinə və əmək müqaviləsi üzrə öhdəliklərini düzgün icra edə bilmədiyinə görə müvafiq intizam tənbeh tədbiri görülüb. Toplanılmış materiallar Azərbaycan Respublikası Baş prokuroru yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsinə göndərilərək Rahim Kərimov barəsində cinayət işi açılıb”.
Murad Məmmədov