Azərbaycanlı olduğu bildirilən yeniyetmə terror zamanı yüzdən çox insanı xilas edib – Video


Moskvada yerləşən “Crocus City Hall”da baş verən terror aktı zamanı məktəbli yüzdən çox insanı xilas edib.
Yeniavaz.com
xəbər verir ki, bu barədə 78.ru məlumat yayıb.
Bildirilir ki, Krasnoqorskdan olan 8-ci sinif şagirdi 15 yaşlı İslam Xəlilov buradakı qarderobda yarımştat işləyirmiş. Atışma səsi eşidiləndə o, dalana düçar olmuş insan kütləsini düzgün yolla istiqamətləndirə bilib və onları küçəyə çıxarıb.
İslam deyir ki, o, sadəcə olaraq göstərişləri dəqiqliklə yerinə yetirib. Camaatın dalana dirəndiyini görən yeniyetmə evakuasiyaya rəhbərlik etməyə başlayıb.
“Birinci mərtəbədəki qarderobda idim. Qəribə səslər eşitdim. Sonra insanlar qaçmağa və qışqırmağa başladılar. Bir həftə əvvəl hücum zamanı nə edəcəyimizlə bağlı təlimimiz olmuşdu. Ona görə də buna hazır idim. Başa düşdüm ki, reaksiya verməsəm, yüzdən çox insan əziyyət çəkə bilər. Hadisələr başlayanda bütün insanları çıxışa doğru yönəltməyə başladım. İnsanlar qışqırırdılar ki, atırlar, qaçın çölə. Orada elə insanlar var idi ki, şokda idilər, amma mən onların əlindən tutub itələdim və düzgün istiqamətə apardım”, - İslam bildirib.
O əlavə edib ki, daha sonra yanğın başlayıb, lakin yanğınsöndürənlər xüsusi təyinatlıların gəlməsini gözlədikləri üçün içəri daxil ola bilməyiblər.
Rusiya teleqram kanallarında azərbaycanlı olduğu bildirilən İ. Xəlilovun insanların təxliyəsinə yardım edərkən lentə aldığı kadrlar yayılıb.

Xatırladaq ki, martın 22-də Bakı vaxtı ilə axşam saat 9 radələrində “Crocus City Hall”da terror aktı baş verib. Simfonik orkestrin iştirakı ilə “Piknik” qrupunun konsertinə 10 dəqiqə qalmış əllərində silah olan kamuflyajlı naməlum şəxslər binaya soxularaq ziyarətçilərə atəş açıblar. Son məlumatlara görə, azı 133 nəfər həlak olub , yüzdən çox insan yaralanıb.

DİGƏR XƏBƏRLƏR

Top