Yaxın üç gündə ruslar növbəti 6 il ərzində ölkəyə rəhbərlik edəcək prezidenti seçəcəklər.
Yeniavaz.com TASS-a istinadla xəbər verir ki, bu, üç günlük və məsafədən elektron səsvermənin tətbiq olunduğu ilk prezident seçkiləri olacaq.
Rusiyanın səkkizinci prezident seçkilərində 2008-ci ildən bəri ilk dəfə olaraq ölkənin əsas postu uğrunda dörd namizəd mübarizə aparacaq: Vladislav Davankov (namizədliyi “Yeni Xalq” partiyası tərəfindən irəli sürülüb), hazırkı prezident Vladimir Putin (öz namizədliyi ilə), Leonid Slutski (namizədliyi Rusiya Liberal Demokrat Partiyasl (LDPR) tərəfindən irəli sürülüb) və Nikolay Xaritonov (namizədliyi Rusiya Kommunist Partiyası tərəfindən irəli sürülüb). Onların adları seçki bülletenlərində məhz bu əlifba sırası ilə göstəriləcək. Slutski və Davankov üçün bu prezident seçkiləri siyasi karyeralarında birinci, Xaritonov üçün ikinci, Putin üçün isə beşinci seçki olacaq.
Rusiyada prezident seçkilərində səsvermə ilk dəfə bir neçə gün ərzində - martın 15-dən 17-dək keçiriləcək. Ümumilikdə yerli vaxtla 08:00-dan 20:00-a qədər fəaliyyət göstərəcək 94 mindən çox seçki məntəqəsi açıq olacaq.
Həmçinin, prezident seçkilərində ilk dəfə olaraq məsafədən elektron səsvermə tətbiq olunacaq, onda 29 region (28 federal platformada, Moskva isə təkbaşına) iştirak edəcək. Ümumilikdə, yanvarın 29-dan martın 11-dək elektron səsvermədə iştirak etmək üçün 4,7 milyondan çox insan ərizə təqdim edib.
Seçkilərdə 112 milyon 309 min seçici səs verəcək.
Qeyd edək ki, 2018-ci ildə keçirilən son prezident seçkilərində səkkiz namizəd var idi.