“Qırmızı dəniz və Ədən körfəzində ticarət gəmilərinə edilən hücumlar zamanı 34 silahdaşımız öldürülüb”.
Yeniavaz.com “Al Masirah” telekanalına istinadla xəbər verir ki, bu barədə Yəmənin üsyançı “Ənsar Allah” hərəkatının lideri Əbdülməlik əl-Husi bildirib.
“İsraillə əlaqəsi olan gəmilərə raket zərbələri ilə bağlı hərbi əməliyyatlar davam edir. Biz bu əməliyyatlarda itkilər verdik: təxminən 34 silahdaşımız həlak oldu, çoxlu sayda silahdaşımız yaralandı”, - hərəkat lideri tərəfdarlarına müraciətində bildirib.
Qeyd edək ki, Qəzza zolağında münaqişənin şiddətlənməsindən sonra husilər Fələstin anklavında əməliyyat dayandırılana qədər İsraili atəşə tutacaqlarını və İsraillə əlaqəsi olan gəmilərin Qırmızı dəniz və Bab əl-Məndəb boğazından keçməsinə mane olacaqlarını bildiriblər. 2023-cü ilin noyabr ayının ortalarından bəri onlar Qırmızı dənizdə və Ədən körfəzində onlarla mülki gəmiyə hücum ediblər.
Husilərin hərəkətlərinə cavab olaraq, ABŞ hakimiyyəti Qırmızı dənizdə naviqasiya azadlığını təmin etmək və gəmiləri qorumaq üçün beynəlxalq koalisiya yaradıldığını və “Prosperity Guardian” əməliyyatının hazırlandığını elan edib.
Yanvarın 12-də ABŞ və Britaniya qüvvələri təyyarə, gəmi və sualtı qayıqlardan istifadə edərək Yəmənin bir neçə şəhərində “Ənsar Allah” hədəflərinə ilk zərbələrini endirib. Hədəflər raketlərin və dronların yerləşdiyi yerlər, həmçinin üsyançıların radar stansiyaları olub.