Mənzil İnşaatı Dövlət Agentliyinin (MİDA) tabeliyində fəaliyyət göstərən “MİDA” MMC tərəfindən keçirilən tender müsabiqəsinin qalibi məlum olub.
Yeniavaz.com xəbər verir ki, tenderin qalibi “İntegras” MMC (VÖEN – 1305249991) olub.
Tender müsabiqəsinin şərtlərinə görə, “İntegras” MMC Cəbrayıl şəhərində 7,87 ha torpaq sahəsində inşa olunan yaşayış kompleksində sahədaxili kommunikasiya (elektrik enerjisi, su-kanalizasiya və rabitə) şəbəkəsinin tikintisi işlərini həyata keçirəcək və qarşılığında 4 milyon 704 min 654 manat 1 qəpik alacaq.
Məlumat üçün bildirək ki, tenderi keçirən “MİDA” MMC 2016-cı ildə yaradılıb. Nizamnamə kapitalı 10 milyon manat olan “MİDA”nın direktoru Qida Təhlükəsizliyi Agentliyinin (AQTA) sədri Qoşqar Təhməzlinin qardaşı Fərhad Təhməzlidir.
Tenderin qalibi olan “İntegras” MMC-nin hüquqi ünvanı Yasamal rayonu, Abdulla Şaiq, ev 214, m. 99-da yerləşir. Nizamnamə kapitalı 50 manat olan ““İntegras” MMC 2 noyabr 2017-ci il tarixində dövlət qeydiyyatına alınıb. MMC-nin qanuni təmsilçisi Həsənova Məhsəti Hüseynalı qızıdır.
“İntegras” MMC bu günə kimi ancaq “Azərişıq” ASC-nin keçirdiyi tender müsabiqələrində qalib olub.
Onu da qeyd edək ki, abadlıq və yaşıllaşdırılması nəzərdə tutulan 7,87 ha torpaq sahəsində inşa olunan yaşayış kompleksində tikilən hündürmərtəbəli binaların bir-birinə yaxın və nizamsız şəkildə inşa olunması sosial şəbəkə istifadəçiləri tərəfindən tənqid olunub.
“Azərişıq” Baba Rzayevin qohumlarına məxsus zavodu “işıqlandıracaq” - 616 min manat ayrıldı...
Elnur Əli