Sən nəyi və niyə oxuyursan?


Həqiqətin yolunu tapan insan üçün oxumaq həmişə ehtiyacdır. Sevimli Peyğəmbərimiz (s.ə.s.) də, “Elm möminin itmiş malıdır, harada görsə, götürsün”, - buyurur. Ancaq oxumaq məsələsi hər kəs üçün çox ciddi bir amildir. Belə ki, hər kəs nəyi oxumağı və niyə oxumağı yaxşı bilməlidir. Çünki hər əməlin altında bir niyyət durur və o niyyət o əməlin dəyəridir.
Oxumaq hər şeydən əvvəl şəxsiyyətin formalaşmasına xidmət etməlidir. İnsan oxuduğunu düşünməli, saf-çürük etməli, oradan götürdüyü ən gərəkli, ən faydalı həqiqətləri həyatına tətbiq etməlidir. Oxuduğundan istifadə etmək də elə budur. Yoxsa, vaxt keçirmək üçün oxumaq insana xeyir verməz. Çünki insanın nə oxuduğu da onun xarakterində mühüm rol oynayır. Ola bilsin ki, insan özü bunun fərqində olmur. Ona görə də, bu məsələdə seçim edərkən ciddi düşünmək lazımdır.
Bəzən də elə olur ki, insan oxumağı gündəlik iş kimi qəbul edir. Yəni, oxuduğunu özünü yetişdirmək üçün yox, başqalarına danışmaq üçün oxuyur. Bu məsələ ilə bağlı bir söhbəti sizinlə bölüşmək istəyirik:
...Bir nəfər hər həftə oxuduqlarını dostları ilə bölüşməyə başlayır. Bu iş getdikcə o qədər ciddi xarakter alır ki, bu adam bir şey oxuyan kimi ağlına gələn ilk fikir onu dostları ilə bölüşmək olur. Üstəlik, onun bu söhbətləri o qədər rəğbətlə qarşılanır ki, “dinləyicilərinin” sayı get-gedə artır. Artıq özü də hiss edir ki, bu söhbətlər onda fərqli xüsusiyyətlər meydana gətirir. Dinləyənlərin gözündəki heyranlıq dolu baxışlara tamaşa etmək onun çox xoşuna gəlir. Ancaq bütün bunlarla yanaşı, onu da hiss edir ki, oxuduqları ona əvvəlki kimi təsir göstərmir. Yəni, oxuyanda heyrətlənmir və ya oxuyanda öyrənmir. Üstəlik, oxuduqları söhbətə qədər yadında qalır, danışandan sonra hər şey silinib gedir.
Ancaq bir gün o, bu söhbətlərdən imtina etmək qərarına gəlir və bu fikrini dostlarına deyəndə, hər kəs təəccüblənir. Ancaq o, qərarından dönmür və bu söhbətlərə son verir. Səbəbini də belə izah edir ki, o, söhbətə başlayandan özünü adi radio kimi hiss edir. Radio “danışdıqlarını” dinləyicisi ilə bölüşdüyü kimi, o da oxuduqlarını dinləyicisi ilə bölüşür...
Bu söhbət, əslində, çox mühüm bir həqiqətə işarədir. Belə ki, insan hər şeydən əvvəl oxuduğunu həyatına tətbiq etməli, doğruluğuna əmin olduqdan sonra başqaları ilə bölüşməlidir.
Yeri gəlmişkən, onu da deyək ki, bildiyini bölüşmək elmin zəkatıdır. Yəni, insan oxuyub öyrəndiyi, həyatına tətbiq etdiyi faydalı bilikləri başqaları ilə bölüşəndə savab qazanır.
Bu məsələdə bir məqamı da unutmaq olmaz: danışmaq üçün deyil, yaşamaq üçün oxumaq lazımdır. Ancaq oxuyub yaşadıqdan sonra təcrübəni bölüşmək isə hər birimizin insanlıq borcudur.

Murad Məmmədov

DİGƏR XƏBƏRLƏR

Top