III Respublika Platformasının spikeri Akif Qurbanov barəsində 4 aylıq həbs qətimkan tədbiri seçilib.
Yeniavaz.com xəbər verir ki, bu barədə jurnalistlər sosial şəbəkələr vasitəsilə məlumat yayıblar.
Bildirilib ki, Xətai Rayon Məhkəməsində istintaq orqanının təqdimatı təmin edilib.
Həmçinin Toplum TV əməkdaşları Ramil Babayev, Əli Zeynal və İlkin Əmrahov barəsində də 4 aylıq həbs qətimkan tədbirinin seçildiyi bildirilir.
Xatırladaq ki, martın 6-sı səhər saatlarında Toplum TV-nin və III Respublika Platformasının ofisində polis əməliyyat keçirib. Daxili İşlər Nazirliyi isə əməliyyatın daxil olan məlumat əsasında keçirildiyini bildirib.
Əməliyyatlarla Akif Qurbanov, həmçinin Toplum TV-nin əməkdaşları Fərid İsmayılov, Müşfiq Cabbar, Əli Zeynal, Ramil Babayev, Elmir Abbasov və İlkin Əmrahov saxlanılıb, onlara 206.3.2 (qaçaqmalçılıq qrup halında törədildikdə) ittihamı ilə cinayət işi açıldığı bildirilir.
Axtarış aparılan ofislərdən, eləcə də saxlanılan şəxslərdən bəzilərinin mənzillərindən müxtəlif məbləğlərdə xarici valyuta aşkarlandığı bildirilir.
Qeyd edək ki, bu gün Toplum TV-nin təsisçisi, hüquq müdafiəçisi və media eksperti Ələsgər Məmmədli və III Respublika Patformasının təsisçilərindən Ruslan İzzətlinin də saxlanıldığı barədə məlumat yayılıb.