Şərqi Zəngəzur İqtisadi Rayonunda 1 saylı Bərpa, Tikinti və İdarəetmə Xidmətinin keçirdiyi tender müsabiqəsinin qalibi “Crystal İnşaat” ASC (VÖEN-1603491051) olub.
Yeniavaz.com xəbər verir ki, 1 saylı Bərpa, Tikinti və İdarəetmə Xidməti Zəngilan rayonu, Ağalı kəndində yerləşən otelin tam təchizatlı təmir və tamamlama işlərinin satın alınmasına görə “Crystal İnşaat” ASC-yə 14 milyon 192 min 628 manat 20 qəpik ödəyəcək.
Nizamnamə kapitalı 4 min manat olan “Crystal İnşaat” ASC-nin hüquqi ünvanı Abşeron rayonu, Xırdalan şəhəri, H.Əliyev prospekti (Xırdalan), ev 11 B 2 ünvanında yerləşir. ASC-nin qanuni təmsilçisi Rəsulov Rəsul Məhəmmədəli oğludur.
Məlumat üçün bildirək ki, 2022-ci ildə mətbuatda yer alan məlumatlarda bildirilirdi ki, Zəngilan rayonunun Ağalı kəndində tikilən otelin tikintisi tezliklə yekunlaşacaq.
Bildirilib ki, otel zirzəmisi ilə birlikdə 4 mərtəbə olacaq və 2022-ci ildə otelin sonuncu mərtəbəsinin tikildiyi qeyd olunub. O zaman bildirilib ki, yaxın bir neçə ay ərzində otelin tikintisi tam şəkildə başa çatdırılacaq. Lakin, sonradan otelin tikintisinin hansı səbəbdən yarımçıq qaldığı barədə məlumat verilməyib.
Elnur Əli