Yer üzündə 1 milyarddan çox insan və ya hər səkkiz nəfərdən biri piylənmədən əziyyət çəkir ki, bu da 1990-cı ildəki rəqəmlərin iki dəfə artması deməkdir.
Yeniavaz.com xəbər verir ki, bu barədə Britaniyanın “Lancet” jurnalında dərc edilmiş tədqiqata istinadən Ümumdünya Səhiyyə Təşkilatı (ÜST) məlumat yayıb .
“Bu araşdırma göstərir ki, 2022-ci ildə dünyada 1 milyarddan çox insan piylənmə ilə yaşayıb”, - deyə ÜST qeyd edib.
Təşkilatdan bildirilib ki, söhbət planetin hər səkkizinci sakinindən gedir.
“1990-cı ildən bəri böyüklər arasında piylənmənin qlobal yayılması iki dəfədən çox, uşaqlar və yeniyetmələr (5-19 yaş arası) arasında isə dörd dəfə artıb”, - deyə təşkilat bildirib.
ÜST 2022-ci ilə qədər böyüklərin 43%-inin artıq çəkidən əziyyət çəkdiyini əlavə edib.
Təşkilat həmçinin xatırladıb ki, piylənmə ürək-damar xəstəlikləri, diabet və bəzi xərçəng növlərinə səbəb ola bilər: “Bu isə erkən yaşdan yetkinlik yaşına qədər piylənmənin qarşısının alınması və müalicəsinin vacibliyini göstərir”.
Tədqiqata görə, qlobal səviyyədə azalmalara baxmayaraq, bir çox yerlərdə, xüsusən də Cənub-Şərqi Asiyada və Cənubi Afrikada qida çatışmazlığı ictimai sağlamlıq problemi olaraq qalır. Az qidalanma və artıq çəki 2022-ci ildə xüsusilə Sakit Okean və Karib hövzəsində, eləcə də, Yaxın Şərq və Şimali Afrikadakı ada ölkələrində geniş yayılıb.