Həkimlər ABŞ Prezidenti Co Baydenə artrit və obstruktiv yuxu apnesi daxil olmaqla bir sıra xəstəlik diaqnozu qoyublar.
Yeniavaz.com xarici KİV-ə istinadla xəbər verir ki, bu barədə dövlət başçısının tibbi müayinəsindən sonra terapevt rəyində məlumat verilib.
Məlumata görə, amerikalı liderə onurğa artriti və hiperlipidemiya diaqnozu qoyulub. Eyni zamanda həkimlər Ağ Evin hazırkı sahibinin qastroezofagial reflüksdən əziyyət çəkdiyini müəyyən ediblər. Sonuncu, mədə-bağırsaq traktının xəstəliklərindən biridir və tez-tez boğazı təmizləmək istəyi şəklində özünü göstərə bilər.
Həmçinin, sənəddə xəstədə lentiqo və aktinik dəyişikliklər olduğu da qeyd edilib. Belə dəyişikliklər dəridə ləkələr kimi görünür. Digər tərəfdən, Baydenin əziyyət çəkdiyi yuxu apnesi ağciyər ventilyasiyasının 10 saniyədən çox dayanmasıdır.
Rəydə ABŞ Prezidentinin vestibulyar funksiyasının və kəllə sinirlərinin normal olduğu vurğulanıb. Bundan başqa, Ağ Evin sahibində siyanoz və ya ətrafların titrəməsi qeydə alınmayıb.
“The New York Times”ın məlumatına görə, Bayden dövlət başçısı seçildikdən sonra üçüncü dəfə tibbi müayinədən keçib. 81 yaşlı siyasətçi Valter Rid adına Milli Hərbi Tibb Mərkəzinin əməkdaşları tərəfindən müayinə olunub.