Səudiyyə Ərəbistanının “Əl-Nəsr” klubunun futbolçusu Kriştianu Ronaldo “Əş-Şəbab” azarkeşlərinə qarşı nalayiq jest etdiyi üçün bir oyunluq cəza alıb.
Yeniavaz.com xəbər verir ki, bu barədə “L'Equipe” nəşri məlumat yayıb.
Məlumata görə, hadisə “Əl-Nəsr” və “Əş-Şəbab” komandaları arasında keçirilən matçda baş verib. Belə ki, “Əş-Şəbab” azarkeşləri argentinalı Lionel Messinin adını tərənnüm etməyə başlayıblar. Ronaldo isə azarkeşlərin bu jestinə nalayiq jestlə cavab verib.
Səudiyyə Ərəbistanı çempionatının 21-ci turu çərçivəsində Ər-Riyadda baş tutan görüş Ronaldonun komandasının 3:2 hesablı qələbəsi ilə yekunlaşıb. Görüşdə penaltidən vurulan qolu portuqaliyalı hücumçu özü vurub.
Hazırda 39 yaşlı Ronaldo 20 matçda 22 qolla çempionatın bombardiridir.
Qeyd edək ki, “Əl-Nəsr” Səudiyyə Ərəbistanı çempionatında 52 xalla ikinci yerdədir. Turnir cədvəlinə 59 xalla “Əl-Hilal” başçılıq edir. İlk üçlüyü isə 43 xalla “Əl-Əhli” tamamlayır.