Sevinc Vaqifqızının məhkəməsi keçirildi – Vəkillərinə xəbər verilmədi


Yanvarı 18-də “Abzas Media”nın baş redaktoru Sevinc Vaqifqızının (Abbasova) ev dustaqlığına buraxılması ilə bağlı verilmiş vəsatət təmin edilməyib.
Yeniavaz.com
“Abzas Media”ya istinadla xəbər verir ki, Bakı Apellyasiya Məhkəməsində keçirilən prosesdə hakim jurnalistin həbs olunması ilə bağlı Xətai Rayon Məhkəməsinin qərarını qüvvədə saxlayıb.
“Bundan əvvəl yanvarın 17-də Sevinc Vaqifqızının bir məhkəmə prosesi də keçirilib.
1 saylı Bakı İstintaq Təcridxanasında saxlanılan jurnalistə vəkilinə zəng etmək qadağan olunub. Vaqifqızının vəkili Elçin Sadıqov Penitensiar Xidmətin tətbiq etdiyi qadağa ilə bağlı məhkəməyə şikayət edib.
İşə Bakı Apellyasiya Məhkəməsinin hakimi Fərid Eyyubov baxıb. Ancaq Eyyubov jurnalistin hüquqlarını təmsil edən 3 vəkilə xəbər vermək əvəzinə, onun üçün prosesə başqa vəkil çağırıb. Prosesin sonunda şikayət təmin edilməyib.
Məsələ ilə bağlı nə Penitensiar Xidmətdən, nə də Bakı Apellyasiya Məhkəməsindən cavab almaq mümkün olmayıb”, - mətbuat orqanının məlumatında deyilir.
“Abzas Media” işi üzrə noyabrın 20-də nəşrin direktoru Ülvi Həsənli, onun müavini Məhəmməd Kekalov, noyabrın 21-də baş redaktor Sevinc Vaqifqızı, noyabrın 30-da reportyor Nərgiz Absalamova, dekabrın 13-də araşdırmaçı jurnalist Hafiz Babalı, son olaraq yanvarın 13-də jurnalist Elnarə Qasımova saxlanılıb. Onlara qarşı Cinayət Məcəlləsinin 206.3.2-ci (qaçaqmalçılıq, əvvəlcədən əlbir olan bir qrup şəxs tərəfindən törədildikdə) maddəsi ilə ittiham irəli sürülüb.
Jurnalistlər ittihamları qəbul etmir, həbslərinin jurnalist fəaliyyətləri ilə əlaqədar olduğunu bildirirlər.

DİGƏR XƏBƏRLƏR

Top